Məhkəmə qərarları › İş №3(008)-4620/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4620/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4620/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 04 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(008)-120/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 18 aprel 2012-ci il təvəllüdlü X8, 23 yanvar 2014-cü il təvəllüdlü X10 və 31 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1 ödənişin dünən ödənildiyini, hər ay tam məbləğdə olmasa da ödənişlərin həyata keçirildiyini, yaranmış borcun boşanma zamanı iddia verilən vaxtdan hesablanan borc olduğunu, tələbkar borcu tələb etdiyindən hazırda inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Əvvəllər aliment onun əmək haqqından tutulmuşdur. İşdən çıxarıldıqdan sonra isə bir müddət işləməmiş, lakin həmin dövrdə müəyyən məbləğdə aliment ödənişləri etmişdir. Hal-hazırda isə maşın ustası kimi işləyir və X11 və övladları ilə birgə yaşayır. Onların bir sıra xərclərini də özü qarşılayır. Bununla yanaşı tam məbləğdə olmasa da, hər ay mütəmadi ödənişlər edir. Son ödənişi dünən 50 manat məbləğində olmuşdur. İşlədiyi yerdə işi təhvil verdiyi üçün sabah X7 200 manat məbləğində də ödəniş edəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 Emin Vaqif oğlu tərəfindən bu ilin iyun ayında 340 manat, may ayında isə 182 manat məbləğində aliment ödənişi edildiyini, hər ay ödənişlər olunsa da, borc məbləğinin qaldığını, həmin pulun da ödənilməsini tələb etdiyini, ödənilən məbləğin uşaqların xərclərinə yetmədiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq zərərçəkmiş şəxs Şəxs ilə bir evdə yaşadıqlarını, məhkəmə tərəfindən ona və uşaqlarına həmin evdə yaşayış hüququnun verildiyini, evin bəzi xərclərinin də Şəxs tərəfindən qarşılandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(008)-120/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 18 aprel 2012-ci il təvəllüdlü X8, 23 yanvar 2014-cü il təvəllüdlü X10 və 31 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 04 aprel 2022-ci il il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(008)-120/2022 sayl icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır və tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarla Şəxs oğölu barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 04 iyul 2024-cü il tarixli izahatında icra sənədinin icrasında xəbərdar olduğunu, hər ay 400-500 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında hazırda Şəxs usta kimi işləyərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən hər ay mütəmadi aylıq qazancına uyğun olaraq zərərçəkmiş şəxsə ödəniş ödəməsi, bundan əlavə uşaqlarının digər ehtiyaclarını qarşılaması müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən yayınmamış, hal-hazırda işləyərək icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş şəxsə mütəmadi olaraq hər ay ödənişlər etmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən hər ay mütəmadi olaraq maddi imkanın yol verdiyi həddə ödənişlər etməsi, zərərçəkmiş şəxs və uşaqları ilı birlikdı yaşamaqla uşaqlarının digər xərclərində də iştirak etməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işləyərək aliment ödənişləri etməsi, o cümlədən bu faktın zərərçəkmiş şəxs tərəfindən təsdiq edilməsi və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar