Məhkəmə qərarları › İş №3(008)-4636/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4636/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4636/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Firdovsi Vəliyevin, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 05 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5181/2023, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs 440 manat aliment pulu tutularaq X3 ödənilməlidir. Hazırda Şəxs 2120 manat məbləğində aliment borcu vardır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Firdovsi Vəliyev tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5181/2023, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə ondan 440 manat aliment pulu tutularaq X3 ödənilməsi qət olunmuşdur. Yanvar ayından sonra ödəniş etməmişdir. Yanvar ayına qədər yığılmış aliment borcunu birdəfəlik tam olaraq ödəmişdir, qalan aliment borcunu işləmədiyi üçün ödəyə bilməmişdir, sentyabr ayında işlə təmin olunacaqdır, ödəniş etməkdən imtina etmir. Hazırda hansısa məbləğdə ödəniş etməyə imkanı yoxdur. Uşaqlar hazırda 5 gündür ki onun yanındadırlar, daim uşaqlarla görüşür, lazım olan xərclərini çəkərək ehtiyaclarını ödəyir, göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5181/2023, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs 440 manat aliment pulu tutularaq ona ödənilməsi qət olunmuşdur. Lakin Şəxs yanvar ayından bu günədək ödəniş etməmişdir. Hazırda qalan aliment borcunun ona ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5181/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2013cü il tarixdə doğlmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X2 xeyrinə ödənilməlidir; İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, 2(008)-5181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 05 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5181/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədləri üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 05 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar