Məhkəmə qərarları › İş №3(008)-4637/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4637/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4637/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X1 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2-53082/2025 nömrəli xx.xx.2025ci il tarixli, 3-17-5/2-60324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilib, poçt izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixədək təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu faktın Azərpoçt xidmətinin göndərişlərin izlənilməsi alt sistemindən çıxarışı ilə təsdiqlənir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, vətəndaş X1 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə məktub ünvanlayaraq müvafiq sənədlərin təqdim edilməsi tələb edilmiş, poçtub izlənməsinə baxış zamanı məktubun çatdırıldığı müəyyən edilmişdir. Şirkətə iki dəfə məktub göndərilmişdir. İlk məktub 12 iyun 2025-ci il tarixdə göndərilmişdir. Bu məktubun alınmasına dair məlumatı poçt göndərişinin izlənməsinə dair çıxarışdan əldə etmişlər. Bu məktubun alınmasına uyğun olaraq 7 iş günü ərzində müvafiq sənədlər təqdim edilmədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonrakı məktub hər ehtimala qarşı bir daha göndərilir. O, məktubun geri qaytarılmasına dair onlarda məlumat yoxdur. İnzibati xəta haqqında protokolun 25 iyul 2025-ci il tarixdə tərtib edilməsindən belə məlum olur ki, birinci məktubun nəticəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və hüquqi şəxsə inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsinə dair məlumat verilmişdir. Çünki məhkəməyə təqdim etdikləri poçt göndərişinin izlənilməsinə dair çıxarışdan belə məlum olur ki, ikinci məktub 21 iyul 2025-ci il tarixdə çatdırılmışdır. İnzibati xəta haqqında protokol isə 25 iyul 2025-ci il tarixdə tərtib edilmişdir. Daha sonra tərtib olunmuş inzibati xəta haqqında protokol materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bütün müəssisələrin avtomatlaşdırılmış sosial informasiya sistemi üzərindən elektron kabineti vardır. Hüquqi şəxsə protokola dəvət həmin sistem vasitəsilə elektron kabinetlərinə də yerləşdirilmişdir. Həmin kabinetə göndərilən məktublara baxmaq müəssisənin vəzifəsidir. Hüquqi şəxsin bildirdiyi sms ola bilsin protokola dəvətlə bağlı olmuşdur. İnzibati İcraat haqqında qanunun müvafiq normasının tələbinə əsasən elektron üsulla göndərilmiş sənəd göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş hesab olunur. Göstərilənlərə əsasən məhkəmədən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunaraq barələrində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, şirkətə müvafiq sənədlərin təqdim edilməsinə dair hər hansı bildiriş daxil olmamışdır. Bununla bağlı onların məlumatı olmamışdır. Şirkətin direktoruna həftənin beşinci günü sms daxil olmuş, həmin vaxt Bakı Apellyasiya Məhkəməsində başqa bir işlə bağlı prosesdə olduqlarından həmin gün gedə bilməmişlər, növbəti həftənin birinci günü yaxınlaşan zaman isə onları qəbul etməmiş, müvafiq protokol tərtib olunub məhkəməyə göndərildiyini bildirmişlər. Bundan sonra onlar müvafiq sənədləri müfəttişliyə təqdim etmişlər. İnzibati xətaya səbəb olan hal məhkəmə prosesi başlayana qədər artıq aradan qaldırılmışdır. Şirkət bilmədiyi bir məsələ ilə bağlı necə məlumat verə bilər. Tələb olunan sənədlər artıq rəsmi qaydada dövlət orqanına təqdim olunmuşdur. Onlar Azərpoçt xidmətinə rəsmi qaydada müraciət etmişlər. Bundan sonra məlum olmuşdur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilən birinci məktub poçt şöbəsinin əməkdaşı tərəfindən kənar şəxsə təhvil verilmiş, digər məktub isə göndəriciyə geri qaytarılmışdır. Qəbul edilməyən və məlumat olmayan məktub barədə hər hansı cavab yazılması da məntiqə uyğun deyil. Bundan başqa elektron kabinetə məlumatın yerləşdirilməsi barədə onlara heç bir məlumat verilməmişdir. Məsələn vergidə bununla bağlı onlara sms vasitəsilə məlumat verilir. ƏMAS sistemindən yalnız işçi işə götürüləndə yaxud işçi ilə bağlı digər əməliyyatlar həyata keçirilən zaman istifadə olunur. Göstərilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin Daxili Nəzarət Departamentinin Müştərilərlə işin təşkili şöbəsinin baş mütəxəssisi X3 bildirmişdir ki, Şəxs MMC-yə ünvanlanmış SS929301871AZ ştrix kodlu sifarişli məktub xx.xx.2025-ci il tarixində ünvan üzrə xidmət göstərən AZ1104 saylı poçt şöbəsinə daxil olmuş və poçtalyon tərəfindən həmin gün kənar şəxsə təhvil verilmişdir. Həmin əməkdaş xidmətində yol verdiyi nöqsana görə işdən azad olunmuşdur. Əməkdaş izahatında bildirmişdir ki, bir il yarım bundan əvvəl Rəna adlı vətəndaşa məhkəmə məktubları gəlib, Rəna xanıma xəbərdarlıq olunduqdan sonra özünün razılığı ilə gələn məktubları qonşusu Sevinc xanıma çatdırmışdır. Forma 8 vərəqəsinə Rəna xanımın razılığı ilə yerinə imzanı həmin əməkdaş özü atmışdır. Digər SS929338474AZ ştrix kodlu digər sifarişli məktub isə xx.xx.2025-ci il tarixdə göndəriciyə təhvil verilmişdir. Göndərişlərin izlənilməsi dair sistem məlumatlarında nəyə görə SS929338474AZ ştrix kodlu digər sifarişli məktubun şirkətə təhvil verilməsinin qeyd edilməsinin səbəbini bilmir. Oraya məlumatların yerləşdirilməsi zamanı yanlışlıq oal bilər. Düzgün məlumat onun hazırda bildirdiyi məlumatdır, yəni SS929338474AZ ştrix kodlu digər sifarişli məktub göndəriciyə geri qaytarılmışdır. Geri qaytarma səbəbi zərfin üzərində qeyd edildiyindən bu barədə onlarda məlumat yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, iş üçün əhəmiyyətli sübut hesab edilən inzibati xəta haqqında protokolda qeyd edilən məktubların həqiqətən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən alınmasını təsdiq edən natamam məlumatın dəqiqləşdirilməsi məqsədilə "xxxx" MMC-nin nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakı təmin edilməlidir. Buna uyğun olaraq "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında o, bildirmişdir ki, Şəxs MMC-yə ünvanlanmış SS929301871AZ ştrix kodlu sifarişli məktub xx.xx.2025-ci il tarixində ünvan üzrə xidmət göstərən AZ1104 saylı poçt şöbəsinə daxil olmuş və poçtalyon tərəfindən həmin gün kənar şəxsə təhvil verilmişdir. Həmin əməkdaş xidmətində yol verdiyi nöqsana görə işdən azad olunmuşdur. SS929338474AZ ştrix kodlu digər sifarişli məktub isə xx.xx.2025-ci il tarixdə göndəriciyə təhvil verilmişdir. Göndərişlərin izlənilməsi dair sistem məlumatlarında nəyə görə SS929338474AZ ştrix kodlu digər sifarişli məktubun şirkətə təhvil verilməsinin qeyd edilməsinin səbəbini bilmir. Oraya məlumatların yerləşdirilməsi zamanı yanlışlıq ola biləcəyini, SS929338474AZ ştrix kodlu digər sifarişli məktubun göndəriciyə geri qaytarıldığını, geri qaytarma səbəbi zərfin üzərində qeyd edildiyindən bu barədə onlarda məlumat olmadığını qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd etdiyi SS929338474AZ ştrix kodlu məktubun zərfinin tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin nümayəndəsi həmin məktubun geri qaytarılması barədə onlarda məlumat olmadığını, poçt göndərişlərinin izlənilməsinə dair çıxarışdakı məlumata əsasən hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanıldığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi hüquqi şəxs o halda həmin maddə ilə inzibati məsuliyyətə cəlb oluna bilər ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsin, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməsin. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarından məlum olur ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq sənədlərin təqdim edilməsinə dair hüquqi şəxsə ünlanmış 12 iyun 2025-ci il tarixli məktubu hüquqi şəxs tərəfindən təhvil alınmamış, kənar şəxsə təhvil verilmiş, forma 8 vərəqəsinə isə poçt əməkdaşı imza etmişdir. AR İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Hüquqi şəxsə ünvanlanmış SS929338474AZ ştrix kodlu digər sifarişli məktub isə xx.xx.2025-ci il tarixdə göndəriciyə geri qaytarılmışdır. "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən bunu təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdime edilmişdir. Bundan başqa məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi protokolun 25 iyul 2025ci il tarixdə tərtib edilməsini əsas götürərək birinci məktuba əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını, sonrakı məktubun hər ehtimala qarşı bir daha göndərildiyini bildirmişdir. Bundan başqa məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın avtomatlaşdırılmış sosial informasiya sistemi üzərindən hüquqi şəxsin elektron kabinetinə məlumat yerləşdirilməsinə dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş və elektron kabinet vasitəsilə yerləşdirilməsi iddia olunan həmin məlumat protokola dəvət olmuş və onun icra tarixi də xx.xx.2025-ci il tarix olmuşdur. İnzibati xəta haqqında protokol tərtib edilən tarixdə şəxsin protokola dəvət edilməsi həmin dəvətin formal xarakter daşımasını göstərməklə şəxsin icraatda iştirakını təmin etmək niyyəti deyil, prosessual tələblərə riayət edilməsi təəsüratı yaratmaq məqsədi daşımışdır. Bundan başqa məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi onlara sms-in həftənin beşinci günü daxil olduğunu, həmin vaxt Bakı Apellyasiya Məhkəməsində başqa bir işlə bağlı prosesdə olduqlarından həmin gün gedə bilmədiklərini, növbəti həftənin birinci günü yaxınlaşan zaman isə onları qəbul etmədiklərini, bundan sonra zəruri sənədləri təqdim etdiklərini bildirmişdir. Hüquqi şəxs barəsində tərtib edilən inzibati xəta haqqında protokolda hüquqi şəxsə 3-17-5/2-53082/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 60324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubların göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə istinad olunmuşdur. Yəni inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsasını avtomatlaşdırılmış sosial informasiya sistemi üzərindən göndərilən məktub deyil, məhz protokolda göstərilən yuxarıda qeyd edilən məktublar təşkil etmişdir. Bundan başqa məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi sənədlərin təqdim edilməli olmasından sonradan sms vasitəsilə məlumatları olduğunu və bundan sonra zəruri sənədləri rəsmi qaydada müfəttişliyə təqdim etdiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsə ünvanlanmış zəruri sənədlərin təqdim edilməsinə dair məktubun hüquqi şəxs tərəfindən alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, əksinə təqdim edilən sübutarın tədqiqi nəticəsində həmin məktubların hüquqi şəxsin müvafiq vəzifəli şəxsi tərəfindən alınmadığı müəyyən olunduğundan hüquqi şəxsin əməlində ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Yuxarıda qeyd edilənlərlə yanaşı hüquqi şəxsin tələb olunan sənədləri sonradan təqdim etməsi də həqiqətən onların əvvəlcədən zəruri sənədlərin təqdim edilməli olmasına dair məktubdan məlumatlı olmadıqlarını bir daha göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 8, 76 və 53, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar