Məhkəmə qərarları › İş №3(008)-4650/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4650/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4650/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə inspektoru Mirağa Talıbovun, Zərərçəkmiş şəxs X1 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə MN ******* saylı, 18 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 19 iyul 2022-ci il tarixdə keçmiş həyat yoldaşı X1 evinə gələrək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə inspektoru Mirağa Talıbov məhkəmədə bildirmişdir ki, Şəxs zərərçəkmiş şəxslə birgə yaşadığı evin qıfılını dəyişdirərək zərərçəkmiş şəxsi evə buraxmamış, sonradan zərərçəkmiş şəxs evə gələrkən aralarında mübahisə yaranmış və o, zərərçəkmiş şəxsin ünvanına nalayiq sözlər işlətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, Şəxs zərərçəkmiş şəxsi birgə yaşadıqları evə buraxmaq istəmir, ona daim maneələr yaradır. Zərərçəkmiş şəxs özünün evə buraxılmayacağından və evin qıfılının dəyişdirilməsindən qorxduğu üçün artıq uzun müddətdir ki evdən çölə çıxmır. Bundan savayı, Şəxs yaşadıqları evin bütün otaqlarının qapısını bağlamışdır. Hadisə günü Şəxs yenə evin qıfılını dəyişərkən zərərçəkmiş şəxslə mübahisələri yaranmış və o, zərərçəkmiş şəxsi nalayiq sözlərlə söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilmir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsinin bəhs etdiyi ev onun zərərçəkmiş şəxlə birgə yaşadığı evdir. O, evin heç bir otağının qapısını bağlamamışdır. Hazırda da ora gedən olsa qapıların açıq olduğunu görəcək. Zərərçəkmiş şəxs özü hər gün onunla mübahisə axtarır və öz hərəkətləri ilə onu mübahisə etməyə sövq edir. Bizim aramızda mübahisə olsa da, o, ictimai qaydanı pozan heç bir hərəkətə yol verməmişdir. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 18 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 19 iyul 2022-ci il tarixdə keçmiş həyat yoldaşı X1 evinə gələrək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. X1 izahatından görünür ki, 19 iyul 2022-ci il tarixdə, saat 22:00 radələrində keçmiş həyat yoldaşı Şəxs evə gələrək evin dəmir darvazasının giriş qapısının zamokunu dəyişmiş, o, Raminə açarın ona da verilməsini bildirdikdə Ramin onu, atasını və anasını nalayiq və tərbiyəsiz sözlərlə təhqir etmişdir. “CD” diskdə olan görüntülərdən görünür ki, Şəxs yaşadığı evin qıfılını düzəldir, zərərçəkmiş şəxs isə ona müxtəlif sözlər deyərək mübahisəyə sövq etməyə çalışır, zərərçəkmiş şəxsin sözlərindən sonra Şəxs nalayiq ifadələr işlədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Belə ki, işin müəyyən edilən hallarından, o cümlədən iş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, zərərçəkmiş şəxslə Şəxs arasında olan mübahisə ailə münasibətləri zəminində tərəflərin birgə yaşadıqları fərdi yaşayış evinin qapısının yanında baş verməklə Şəxs tərəfindən hər hansı ictimai qaydanın pozulmasına yol verilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, AR İXM-nin 510-cu maddəsinin tərkibinin yaranmasının əsas və yeganə şərti şəxsin əməli ilə ictimai qaydanın pozulmasının müəyyən edilməsidir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ictimai qaydanın pozulmasının nədə ifadə olunması ümumiyyətlə öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Hazırki halda Şəxs öz yaşadığı fərdi yaşayış evinin qapısının yanında öz keçmiş həyat yoldaşı ilə, hər hansı kənar şəxslər olmadan mübahisə etməsi, mübahisə əsnasında tərəflərin bir-birinə qeyri-etik söz söyləmələri cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasına səbəb olmamışdır ki, belə olan halda Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. Zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəməyə bildirdiyi xüsusatlara (Şəxs zərərçəkmiş şəxsi birgə yaşadıqları evə buraxmaq istəməməsi, ona daim maneələr yaratması, zərərçəkmiş şəxsin özünün evə buraxılmayacağından və evin qıfılının dəyişdirilməsindən qorxduğu üçün artıq uzun müddətdir ki evdən çölə çıxmaması,Şəxs yaşadıqları evin bütün otaqlarının qapısını bağlaması) gəlincə isə, məhkəmə qeyd edir ki, həmin hallar hazırki məsələnin predmeti olmamaqla mülki mübahisənin predmetidir ki, bu da həmin hallara dayanaraq şəxsin AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması qənaətinə gəlməyə imkan vermir. Göründüyü kimi, nə tərəflərin izahatları, nə də iş materiallarında olan sənədlər və sübutlarla Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Odur ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin dispozisiyasına əsasən yalnız ictimai qaydanı pozan hərəkətlər inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən Şəxs tərəfindən ictimai qaydanın pozulması halının mövcudluğu istisna olunduğundan və bununla da Şəxsnın əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar