Məhkəmə qərarları › İş №3(008)-4659/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4659/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4659/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə heç bir qayda pozuntusu etmədiyi halda elektron portalına İXP ******* nömrəli protokol yerləşdirilmişdir. Ona qarşı olunan qeyri-qanuni hərəkətə görə hüquqi qiymət verilməsini, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində idarə etdiyi “Hundai Elantra” minik markalı, 77FO205 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Həmin vaxt ona heç bir inzibati protokol tərtib olunmamış, heç bir yol polisi əməkdaşı tərəfindən saxlanılmamışdır. Üzərindən təxmini 10-15 gün keçdikdən sonra Bakı şəhər BPİ DYPİ-nin polisi ona zəng edərək bildirmişdir ki, başqa bir işlə bağlı görüntülərə baxarkən onun avtomobili ilə xx.xx.2024-cü tarixdə qayda pozduğunu aşkar etmişlər və onu idarəyə dəvət etmişdir. O isə etiraz etmiş, qərarın hadisə baş verən tarixdə real vaxt rejimində yerləşdirilməli olduğunu bildirmişdir. Buna baxmayaraq Bakı şəhər BPİ DYPİ tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 150 manat cərimə olunmuşdur. Bundan sonra həmin qərardan şikayət vermişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində qəbul olunmuş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq yenidən araşdırma aparılması üçün Bakı şəhər BPİ DYPİ nə geri qaytarılmışdır. Qeyd olunan qurum tərəfindən yenidən barəsində xx.xx.2024-cü il tarixdə eyni əsaslarla inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. AR İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində X3 tərəfindən İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların xüsusi texniki vasitələrin köməyi ilə yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilə bilməsi nəzərdə tutulub. X1 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında hər iki qərarda o, İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərar elektron qaydada real vaxt rejimində tərtib olunmamışdır. İnzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə isə qanunvericiliyin tələbinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edən şəxs onunla razılaşarsa inzibati tənbeh vermə haqqında qərar qəbul olunur, razılaşmadıqda isə yuxarı səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul olunur. xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X1 həmin protokolla razılaşmasına dair bir qeydinə, izahatına, imzasına rast gəlinməmişdir. Həmçinin məhkəmə iclasında X3 hadisə baş verən gün qayda pozuntusu törədilən anda polis əməkdaşı tərəfindən bilavasitə saxlanılmadığını bildirmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi səlahiyyətli vəzifəli şəxs tərəfindən törədilməsi iddia olunan inzibati xəta bilavasitə aşkar olunduqda ya inzibati tənbeh vermə haqqında qərar yaxud da inzibati xəta haqqında protokol tərtib olunaraq yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmalıdır. İş materiallarından da məlum olur ki, törədilməsi iddia olunan inzibati xəta yol polis əməkdaşı tərəfindən bilavasitə aşkar olunmamışdır. Belə olan halda X1 xx.xx.2024-cü il tarixdə törətməsi iddia olunan inzibati xətaya görə real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı olduğu halda xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. AR İXM-nin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin yol patrul xidməti inspektoru, polis serjantı F.P.Əhmədli tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar