Məhkəmə qərarları › İş №3(008)-4681/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4681/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4681/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Üzeyir Məmmədovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Ucar rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vət. Şəxs xx.xx.2023-cü il tarixdə şöbənin ərazisində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün Sabunçu RPİ 13-cü Polis Şöbəsinə gətirilərkən polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, Üzeyir Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Üzeyir Məmmədov izahatında göstərmişdir ki, Şəxs 22 avqust 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində dostları ilə mübahisə edən zaman polis əməkdaşları ona yaxınlaşdıqda o polisin qanuni tələblərinə tabe olmadığı üçün Sabunçu RPİ 13-cü Polis Şöbəsinə gətirilərkən polis əməkdaşları ilə mübahisə edərək şöbəyə getməkdən imtina edərək tabesizlik göstərmişdir. Şöbə rəisinə raportla müraciət olunmuş, həmin raport əsasında tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyil. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik və hörmətsizlik etməmişdir. Həmin vaxt içkili olmuşdur. Polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində xidmətdə olan zaman vətəndaş Şəxs dostları ilə mübahisə edən zaman ona yaxınlaşdıqda o onlarla aqressiv danışaraq tabesizlik göstərmiş, şöbəyə getməkdən imtina etmişdir. Daha sonra tərəflərindən şöbəyə gətirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialları və şahid ifadələri ilə təsdiq olunur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş 22 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2023-cü il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törətməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 avqust 2023-cü il tarixdən, saat 02:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar