Məhkəmə qərarları › İş №3(008)-4696/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4696/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4696/2022 22.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 22 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7860/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün X2 xeyrinə tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 protokolda göstərilənlərə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru borclunun icra məmurunun çağırışlarından yayınmadığını, həmişə çağırışlara vaxtlı-vaxtında gəldiyini, məşğulluq xidmətində qeydiyyatda olduğunu, lakin hələ ona iş təklif olunmadığını, hər ay aliment məbləğindən qismən ödənişlər etdiyini, adına hər hansı əmlak olmadığını, tələbkar məbləği tam istədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Alimenti də bu günədək zərərçəkmiş şəxsə qismən də olsa, hər ay 150, 130 manat olmaqla ödəmişdir. Sadəcə işsiz olduğundan alimenti tam olaraq ödəyə bilməmişdir. O, Məşğulluq Xidmətində də qeydiyyatdadır, lakin ona hər hansı iş təklif olunmamışdır. Bununla yanaşı, o, özü narkoloji xəstəlikdən əziyyət çəkir və hazırda reabilitasiya mərkəzində müalicə alır. Fəhləlik edərək qazandığı puldan hər ay müvafiq məbləğdə aliment ödəmişdir. Onun alimenti tam ödəyə bilməməsinin səbəbləri üzürsüz olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çoxdandır ki, Məşğulluq Xidmətində qeydiyyatda olduğunu, ona iş təklif olunmadığını, indiyədək hər ay 150, son aylar isə 130 manat olmaqla aliment ödədiyini, alimenti ödəməkdən yayınmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, bu günədək Şəxs ona hər ay 150 manat, son aylar isə 130 manat olmaqla aliment ödəmişdir. Lakin o, aliment məbləğinin tam ödənilməsini tələb edir. Hazırda da onun icra məmuruna müraciət etməsinin səbəbi Şəxs inzibati məsuliyyətə cəlb edilməsi deyil, ona olan borcun tam ödənilməsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7860/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün X2 xeyrinə tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7860/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə bir yerdə xx.xx.2021-ci il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli 155976/2021-4-25-002 nömrəli xəbərdarlıq görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7860/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Şəxs hər ay ona 150 manat pul ödəmiş, lakin o, borcun tam ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********4 saylı arayışdan görünür ki, Şəxs AR ƏƏSMN-nin X1 Sisteminin “Məşğulluq” altsismetinə əsasən, xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır, “Əmək müqaviləsi” altsismetinə əsasən, adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati qaydada icraat aparılan şəxs hər ay aliment məbləğindən maddi imkanının çatdığı məbləğdə (150, 130 manat olmaqla) ödəniş etdiyini bildirmiş, həmin xüsusat məhkəmə iclasında iştirak edən icra məmuru və zərərçəkmiş şəxs tərəfindən də təsdiq edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında işsiz olduğunu, Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olmasına baxmayaraq indiyədək işlə təmin edilmədiyini göstərmiş və məhkəmə iclasında iştirak edən icra məmuru da həmin halı təsdiq etmişdir. Bununla yanaşı, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********4 saylı arayışdan görünür ki, Şəxs AR ƏƏSMN-nin X1 Sisteminin “Məşğulluq” altsismetinə əsasən, xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır, “Əmək müqaviləsi” altsismetinə əsasən, adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin, məhkəmə iclasında sədrlik edənin sualına cavab verən icra məmuru Şəxs adına hər hansı əmlak aşkar edilmədiyini bildirmişdir. Göründüyü kimi, Şəxs icra sənədi üzrə hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər etmiş, o, işlə təmin olunmaq artıq 02 ildən çoxdur ki, Məşğulluq Xidmətində qeydiyatdadır, adına hər hansı əmlak aşkar olunmamışdır. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası üçün bacardığı bütün tədbirləri görmüş (Dövlət Məşğulluq Xidmətində qeydiyyata durmuş, günəmuzd işləyərək hər ay müvafiq məbləğdə ödənişlər etmiş) və borclunun borcu tam ödəməsi üçün faktiki imkanlarının olduğu halda həmin borcu ödəyə bilməməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməməklə yanaşı məhkəmə iclasında da nə icra məmuru, nə də zərərçəkmiş şəxs belə bir hala istinad edə bilməmişlər. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla mütəmadi olaraq maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin üzürsüz xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7860/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 02 ilə yaxın müddət keçmiş, lakin icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, iş materiallarına yalnız bir xəbərdarlıq məktubu əlavə edilmişdir ki, onun da tarixi tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən rəsmi qaydada qəbul edildiyi tarixlə üst-üstə düşür. Məhkəmə qeyd edir ki, həmin xəbərdarlıq hələ şəxsin icra sənədi ilə bağlı məlumatlandırdığı gün edilmişdir ki, bu da xəbərdarlığın formal olaraq iş materiallarına əlavə edilməsinə dəlalət edir. Bununla yanaşı, icra sənədinin verilməsindən 02 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu müddət ərzində Şəxs icra şöbəsinə dəvət edilməsini, onun izahatının alınmasını, ona xəbərdarlıqlar edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar