Məhkəmə qərarları › İş №3(008)-47/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-47/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-47/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İnzibati qərardan şikayət verən X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 00100-1442/20 saylı protokolu əsasında qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 00100/1829 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X5 məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 00100-1442/20 saylı protokolu əsasında qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, 00100/1829 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 bildirdi ki, Çin Xalq Respublikasından təsərrüfat mallarını ölkə ərazisinə idxal edərək həmin malların X1 satışını həyata keçirir. Sonuncu dəfə Çin Xalq Respublikasından 37080 qutu taxta üçün şurup, 2616 qutu alçipan üçün şurup və 3725 kq bolt yükü “X7 Co.Limited” şirkətindən alınmışdır. Qeyd olunan mallara görə Çin Xalq Respublikasındakı həmin şirkətə 34243 ABŞ dolları Bank Respublika vasitəsilə ödənilmişdir. Mallara görə mal-müşayiət sənədləri və AKİF20200420 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədi Çin Xalq Respublikasından ünvanına göndərilmişdir. Həmin sənəd və packing list sənədi əsasında **********089 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına verilmişdir. Mal-müşayiət sənədlərində malların netto çəkisi 23144.1 kq qeyd edildiyindən, gömrük bəyannaməsində 23144.1 kq bəyan edilmişdir. X10 Respublikasının GATU ******* nömrəli konteynerində daxil olmuş, **********94089 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx xxxx 2020-ci il tarixdə “Abşeron” gömrük postunda gömrük əməkdaşları tərəfindən baxış keçirilmiş, mallar çəkisi ölçülmüş 1080 kq şurup yükünün və 2950 kq bolt yükünün gömrük bəyannaməsində qeyd olunandan artıq olduğu müəyyən edilmiş və malların yoxlanması haqqında protokol tərtib edilmişdir. Daha sonra barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, 100-1442/20 saylı inzibati protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında xx xxxxxx 2020-ci il tarixli, 00100/1829 saylı qərar qəbul edilərək 12090 (on iki min doxsan) manat məbləğində cərimə edilmişdir. Bu sahədə kifayət qədər təcrübəsi olmadığından Çindən göndərilən sənədlərin netto çəkisinin qeyd olunduğu packing listdə texniki səhvin olduğunu aşkar edə bilməmiş və ona görə də, bəyannamədə netto çəki səhv göstərilmişdir. Bundan əlavə, bildirmək istəyir ki, o, malların çəkisinə görə yalnız bolta münasibətdə, şuruplara görə isə qutu sayına görə ödəniş etmişdir. Lakin invoys sənədində bolt, şurup qutularının sayı ümumilikdə qutu sayı və digər məlumatlar tam düzgün qeyd olunmuş, tərəfindən Çin Xalq Respublikasındakı “X7 Co.Limited” şirkətinə invoys sənədində qeyd olunan total məbləğ köçürülmüşdür. Əgər qəsdən və bilərək gömrük bəyannaməsində mallara dair məlumatları təhrif etmək niyyəti olsaydı, bu zaman avtomatik olaraq qutu saylarını da səhv göstərərdi. Lakin, yuxarıda da, qeyd etdiyi kimi bu Çin Xalq Respublikasındakı “X7 Co.Limited” şirkətinin texniki səhvi olmuşdur. O, malların çəkisinin artıq olması ilə bağlı malı göndərən şirkətin nümayəndəsinə müraciət etmiş, ona düzgün formada packing listi göndərilmiş və paralel olaraq rəsmi üzr məktublarını göndərilmişdir. Məktubda pandemiya ilə əlaqədar işçi sayında problem yaşadıqlarını və buna görə də texniki səhv etdiklərini bildirmişlər. Lakin bütün bu qeyd etdiyi xüsasatlar Bakı Baş Gömrük İdarəsi tərəfindən nəzərə alınmamışdır. AR İXM-nin 482.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Artıq göstərildiyi qeyd olunan malların maya dəyəri ümumilikdə 8.000-9000 manat civarındadır. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən bu malların dəyərinin orta bazar qiymətinin guya 24180 (iyirmi dörd min yüz səksən) manat olduğu müəyyən edilmişdir. Bu “orta bazar qiyməti” hansı meyarlara əsasən və necə təyin olunması olduqca müəmmalıdır. Həmin malın kommersial invoysunda malın dəyərinin nə qədər olduğu açıq-aşkar görünür. Həmçinin həmin malların hal-hazırda bazar satışı təyin edə biləcək başqa şəxslər tərəfindən qaimə və fakturalar qoşmaya əlavə edilmişdir. Həmin qaimə və fakturalarda da, bu malların bazar satış qiymətlərinin 2.90-3.30 manat arasında dəyişdiyi görünür. Lakin, 1 kq-nın maya dəyəri 0.89 manat olan, ölkə üzrə satış dəyəri 1 kq üzrə 2.90-3.30 manat olan mallar nədənsə 6 manat civarında qiymətləndirilmişdir. Bu qiymətləndirmə qanunsuz və əsassız olaraq həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, 00100-1829 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, 00100-1829 nömrəli qərarından görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 12090 (on iki min doxsan) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli packing listdən görünür ki, GATU1275655 nömrəli konteynerdə olan “şurup və bolt” yükünün brutto çəkisinin 28180 kq, netto çəkisinin 23144 kq olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli packing listdən görünür ki, GATU1275655 nömrəli konteynerdə olan “şurup və bolt” yükünün brutto çəkisinin 28180 kq, netto çəkisinin 27103 kq olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli invoysdan görünür ki, “bolt və şrup” qutularının ümumi dəyəri 34243,60 ABŞ dolları göstərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, malların netto çəkisi 23144.1 kq bəyan edilmişdir. İş materiallarında olan “X7 Co.Limited” şirkətinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, tərəflərindən X3 göndərilən “şurup və bolt” yükünün brutto çəkisinin 28180 kq, netto çəkisi yalnış göstərilmiş, “şurup və bolt” yükünün xalis çəkisi 27103,27 kq-dır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, X6 tərəfindən Bank Respublika vasitəsilə **********84431801 saylı hesaba 28525 ABŞ dolları, **********84431801 saylı hesaba 11500 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC-nin 433 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 3,5x25mm ölçülü qara metal şurupun 1kq-nın respublika daxili orta bazar qiyməti 3,15 manat olmaqla 1080 kq-nın qiyməti 3402 manat, 6x60mm ölçülü boltun 1kq-nın qiyməti isə 3,00 manat olmaqla 2950 kq-nın qiyməti 8850 manat müəyyən edilir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, QR-363M saylı rəyindən görünür ki, 3,5x25nını ölçülü qara şurupun 1 kq-nın orta bazar qiyməti 3.55 (üç manat əlli beş qəpik) manat, 6x60mm ölçülü boltun 1 kq-nın orta bazar qiyməti 3.30 (üç manat otuz qəpik) manat olmaqla ümumulikdə 3,5x25mm ölçülü qara şurupun 1080 kq-nın dəyəri 3834.0 (üç min səkkiz yüz otuz dörd) manat və 6x60mm ölçülü boltun 2950 kq-nın dəyəri 9735.0 (doqquz min yeddi yüz otuz beş) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirləndirilən X6 barəsində 00***-******* saylı inzibati xəta haqqında işə baxılması xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək 12090 (on iki min doxsan manat) məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, inzibati qərardan şikayət verən şəxsin izahatını dinləyib, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə qeyd olunan malların orta bazar qiyməti 24180 manat müəyyən edilmiş və rəydə göstərilən məbləğ əsasında X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş üzrə təkrar ekspertizalar keçirilmiş, xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyində şurup və boltların orta bazar qiyməti 12252 manat, xx.xx.2020-ci il tarixli ekspert rəyində malların orta bazar qiyməti 13569 manat müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, ilkin ekspert rəyində göstərilən məbləğ ilə digər ekspert rəylərində göstərilən məbləğ arasında ziddiyyət mövcuddur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Bakı Baş Gömrük İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirləndirilən X6 barəsində 00***-******* saylı inzibati xəta haqqında işə baxılması xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, lakin xx xxxxxx 2020ci il tarixdə onun iştirakı olmadan barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, “X7 Co.Limited” şirkətinin X4 ünvanladığı məktubda maalların netto çəkisindəki yalnışlığın onların texniki səhvi olduğu və qeyd edilən səhvə görə üzr istədikləri qeyd olunmuş, lakin qərar qəbul edilərkən yuxarıda qeyd edilən digər hallar kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məjəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. X2 İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddənin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar