Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4716/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (FİN:xxxxxxx) iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bəhruz Kəngərli küçəsi., 7, 5A ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Daş karxanası nömrəsiz evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 11 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2990/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay 660 manat alimentin X1 xeyrinə ödənilməsini icra etməyərək ümumilikdə 2764 manat aliment borcunu ödəməməklə icra sənədinin icrasından yayınmışdır. Bununla da Rzayev X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X7 bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlanılmışdır. Borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim olunmuşdur. Borclu tərəfindən xx.xx.2023-ü il tarixdən hesablanan aliment üzrə yığılmış borc məbləği üzrə hissə-hissə ödənişlər edilmişdir. Sonuncu ayda borclu tərəfindən 2060 manat ödəniş edilmişdir. Lakin tələbkar yığılıb qalmış 2764 manat aliment borcunun birdəfəlik ödənilməsini tələb edir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, aliment borcunu ödəməkdən yayınmamışdır. O, zərərçəkmiş şəxslə bu günə qədər bir evdə yaşayır. Uşaqların hazırlıq xərcləri, digər maddi tələbatlarını həmişə özü qarşılamışdır. Rəsmi olaraq 3836 manat zərərçəkmiş şəxsə aliment ödəmişdir. Qeyri-rəsmi qaydada isə 2500 manat ödəniş etmişdir. Lakin zərərçəkmiş şəxs həmin vəsaitin ödənilməsini danır. Sonuncu ayda rəsmi qaydada 2060 manat ödəniş etmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunan 2764 manat aliment borcunu bir dəfəlik ödəməyə imkanı yoxdur. Həmin vəsaiti ödəməkdən yayınmır. Hər ay hissə-hissə həmin vəsaitin ödənilməsini təmin edəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla uşaqların saxlanmaları üçün hər ay 660 manat aliment Şəxs tərəfindən ona ödənilməlidir. Şəxs qeyd olunan tarixdən hesablanan alimenti ödəmədiyindən 2764 manat aliment borcu yaranmışdır. O, uşaqlarının saxlanması üçün hissə-hissə olmaqla ümumilikdə 2000 manat borc götürmüşdür. Həmin borcu qaytara bilmir. Ona görə 2764 manat aliment borcunun birdəfəlik ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(008)-2990/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış və onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada həyata keçiriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə icra sənədi üzrə icraata 17 aprel 2024-cü il tarixdən başlanılmasını, Şəxs icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanan aliment məbləği üzrə yığılmış borcdan hissə-hissə ödənişlər etməsini, sonuncu ayda 2060 manat ödəniş etməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Şəxs aliment üzrə borc məbləğini tam ödəyə bilməməsinə baxmayaraq hissə-hissə də olsa ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4716/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4716/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver