Məhkəmə qərarları › İş №3(008)-4765/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4765/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4765/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 04 aprel 1979-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 34, mənzil 11-də qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 03 avqust 2025-ci il tarixli, EQ/27913090 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 03 avqust 2025-ci il tarixli, EQ/27913090 nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Çünki o sözügedən inzibati pozuntuya yol verməmiş, yol patrul xidməti əməkdaşının göstərişi ilə yolayrıcında sol zolağa yerdəyişmə edərək H.Əliyev prospekti ilə yoluna davam etmişdir. Qayda pozmamağına baxmayaraq barəsində İXM-nin 327.1-ci maddəsi ilə qərar qəbul olunaraq 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmədən qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 avqust 2025-ci il tarixli, EQ/27913090 nömrəli elektron qərarın çıxarışından görünür ki, X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli 3-27-103/2-Ə-85401/1- 28/2025/13383 saylı məktubundan görünür ki, Bakı şəhəri, Babək prosepktindənin H.Əliyev prospekti ilə birləşdiyi yol sahəsində müvafiq təhlillər aparılmışdır. Aparılan təhlillər nəticəsində nişanlanma xətlərində olan çatışmazlıqların aradan qaldırılması ilə bağlı təklif lahiyəsi hazırlanmışdır. Görülən işlər çərçivəsində birtərəfli yolda təşkil edilmiş 1.3(qoşa) nişanlanma 1.1(bütöv xətt) nişanlanma ilə əvəz ediləcəkdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-3560/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 şikayəti qismən təmin edilərk, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27913090 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün orqana göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx.xx.2025-ci il tarixli Ə-97874 saylı vətəndaşa məktubundan görünür ki, Elçin Əhmədov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 5-ci bəndinin, yəni yolun hərəkət hissəsinə çəkilmiş 1.11 üfüqi nişanlanma xəttinin tələbini pozması barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 5-ci bəndinə əsasən 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Şikayətçi ərizəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixində Babək prospekti istiqamətindən H.Əliyev prospekti istiqamətində özünə məxsus **-VE-*** qeydiyyat nişanlı NV ilə hərəkətdə olarkən YPX ekipajının göstərişi ilə yolayrıcında sol zolağa yerdəyişmə etmiş və nəticə olaraq yenə də düzünə hərəkət edərək H.Əliyev prospekti ilə hərəkətini davam etdirmişdir. Bu manevrlər ilə YHQ-nın heç bir müddəasını pozmamağına baxmayaraq barəsində İXM-nin 327.1-ci maddəsi ilə avtomatik foto-video qeydiyyat funksiyalı cihazla elektron qərar tərtib edilmişdir. Həmin yolayrıcında nişan düzünə hərəkəti tələb edir ki, o da həmin bu şərtə riayət edərək hərəkət etmiş (yəni düzünə H.Əliyev pr.istiqamətində, sola tunelə deyil) həm də istənilən halda yolda YPX ekipajının göstərişi nişan və nişanlama xəttlərinin tələbindən üstün sayılır. Şikayətçi həmin ərazidə yol hərəkəti nişanlarının təşkilində çatışmamazlıqların olması barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmişdir. Səlahətli orqan şikayətçiyə cavabında birtərəfli yolda təşkil edilmiş 1.3(qoşa xətt) nişanlanma xətti 1.1 (bütöv xətt) nişanlanma xətti ilə əvəz ediləcəyi bildirlmişdir. Məhkəmə araşdırma zamanı şikayətçinin izahatından və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli 3-27-103/2-Ə-85401/1-28/2025/13383 saylı məktubu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Babək prosepktindən H.Əliyev prospekti ilə birləşdiyi yol sahəsində 1.3(qoşa) nişanlanma 1.1(bütöv xətt) nişanlanma ilə əvəz edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli 3-27-103/2-Ə- 85401/1-28/2025/13383 saylı məktubundan da göründüyü kimi Bakı şəhəri, Babək prosepktindən H.Əliyev prospekti ilə birləşdiyi yol sahəsində nişanlanma xətlərində olan çatışmazlıqların olması müəyyən edilərək, həmin çatışmazlıqların aradan qaldırılması ilə bağlı təklif lahiyəsi hazırlanmış, görülən işlər çərçivəsində birtərəfli yolda təşkil edilmiş 1.3(qoşa) nişanlanma 1.1(bütöv xətt) nişanlanma ilə əvəz edilməsi qeyd edilmişdir. Göründüyü kimi X2 təqsirləndirildiyi maddə üzrə hadisənin baş verdiyi yerdə dövlət orqanı tərəfindən yol sahəsində nişanlanma xətlərində olan çatışmazlıqların olması müəyyən edilmiş və həmin çatışmazlıqların aradan qaldırılması bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 yol sahəsində nişanlanma xətlərində olan çatışmazlıqların olması səbəbindən və hazırda qüvvədə olmayan yol nişanın pozulmasına görə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 03 avqust 2025-ci il tarixli, EQ/27913090 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 03 avqust 2025-ci il tarixli, EQ/27913090 saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar