Məhkəmə qərarları › İş №3(008)-4766/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4766/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4766/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Daşqın Həsənəliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1236 saylı, 16 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 19 fevral 2024-cü il tarixdən başalyaraq hər ay 560 manat aliment alınaraq X1 xeyrinə ödənilməlidir. Hazırda Şəxs 2500 manat məbləğində aliment borcu vardır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Daşqın Həsənəliyev tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1236 saylı, 16 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 19 fevral 2024-cü il tarixdən başalyaraq hər ay 560 manat aliment alınaraq X1 xeyrinə ödənilməsi qət olunmuşdur. İşsiz olduğundan, eləcə də banka borcu olduğundan ödəniş edə bilməmişdir. Hazırda aliment borcunu ödəməkdən imtina etmir, yaxın vaxtlarda borcunu ödəməyə çalışacaqdır. Xahiş edirki, göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin 2(021)-1236/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa 140 manat, cəmi 560 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməldir; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(021)-1236 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1236 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədi üzrə aliment borcunu ödəməmişdir. Belə ki, Şəxs, maddi imkanı olmamasını əsas gətirərək ümumiyyətlə həmin borcdan ödəniş etməmişdir. Həmçinin Şəxs icra şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına gəlməmiş, buna görə də barəsində 610387 saylı axtarış işi açılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 16 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar