Məhkəmə qərarları › İş №3(008)-4768/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4768/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4768/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs X3 iştirakı ilə, 20 avqust 1992-ci il tarixdə Beyləqan rayonu, Bahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayonu, Bahar kəndində qeydiyyatda olan- X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 izahatında bildirmişdir ki, qeyd edilən qərarla ünvan 1 ünvanında fəaliyyət göstərən Dönər Kabab 24/7 restoranında zərərli maddələrin tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla təmin edilmədən atmosferə tullantı atılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra İdarə) tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar barədə məlumatı olmamış, həmin qərar İdarənin əməkdaşı tərəfindən 18 iyul 2025-ci il tarixdə ona təqdim edilmişdir. O, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 7 küçəsində yerləşən bir köşkü icarəyə götürüb həmin köşkdə dönər bişirib satır. İşlətdiyi obyekt restoran deyil, təxminən 2X4 metr uzunluğunda balaca bir köşkdür. Köşkün bir hissəsində onun elektriklə işləyən iki ədəd dönər aparatı var ki, bu aparatlar elektriklə işlədiyinə görə bunlar üçün havatəmizləyici qurğu lazım deyildir. Bu yaxınlarda isə o həmin köşkdə fəaliyyəti daha da genişləndirib ora bir manqal qoymuş və həmin manqalın bacasında havatəmizləyici qurğu quraşdırmaq üçün qurğu almış, lakin hələ qurğunu quraşdırmamış, manqalı istismara verməmiş, yəni ondan istifadə etməmişdir. İyun ayında isə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları obyektə gələrək, yoxlama aparmış, obyektdə qoyduğu manqalın bacasında havatəmizləyici qurğunun olmamasını görüb bu barədə soruşduqda isə, o manqalın hələ istifadəyə verilməməsini, manqalın bacasının havatəmizləyici qurğusu qurulduqdan sonra istifadəyə veriləcəyini bildirmiş və bu barədə izahatında manqaldan istifadə etmədiyini göstərmişdir. İdarənin əməkdaşları ona şifahi olaraq xəbərdarlıq etdiklərini, manqalın bacasında havatəmizləyici filter qurulmadan istifadə edəcəyi təqdirdə onu cərimə edəcəklərini bildirib getmiş, ona bununla əlaqədar protokol tərtib edəcəklərini deməmişdilər. Bundan sonra isə ona heç bir məlumat verilməmiş, barəsində inzibati araşdırma aparılması ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırılmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə əlaqədar ona bildiriş göndərilməmişdir. Lakin 18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun işlətdiyi köşkə gələrək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı ona təqdim etmiş, bundan sonra o barəsində İXM-nin 237.1-ci maddəsi ilə 2000 manat məbləğində cərimə edildiyini bilmişdir. Barəsində tətbiq edilmiş İXM-nin 237.1-ci maddəsinin dispozisiyasından da görünür ki, yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin zərərsizləşdirilməsi üzrə təmizləyici qurğularla təmin edilməyən qurğuların istismara verilməsi bu normanın tərkibini yaradır. Yəni əgər o köşkdə quraşdırdığı manqalı havatəmizləyici olmadan istismar etsəydi və həmin manqalın bacasından çıxan tüstü (zərərli maddə) yol verilə bilən son hədlərin normativləri səviyyəsində olsaydı o zaman onun əməlində İXM-nin 237.1-ci maddəsinin tərkibi yarana bilərdi. Beləliklə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi üçün 3 əsas vardır. 1. Həmin qərar prosessual qaydalar pozulmaqla tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmişdir. 2. Mənim əməlimdə İXM-nin 237.1-ci maddəsinin tərkibi yoxdur. 3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mənə məxsus köşkdə aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun prosessual qaydaların pozulması ilə tərtib edilməsinin sübutu isə onun barəsində aparılan inzibati xəta haqqında icraata onun dəvət edilməməyidir. Belə ki, İdarənin əməkdaşları onun işlədiyi köşkü tanıyır, onlar həmin köşkdə ondan izahat almış, onun bütün məlumatları, o cümlədən ünvan və telefon nömrəsi yazmış, buna baxmayaraq ona hər hansı bir rəsmi bildiriş və ya telefona mesaj göndərib inzibati xəta haqqında icraata dəvət etmədən barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Ən azından İdarənin əməkdaşları 18 iyul 2025-ci il tarixdə inzibati xəta haqqında qərarı ona təqdim etdikləri kimi bildirişi də təqdim edib, inzibati araşdırmanın vaxtı barədə ona məlumat verə bilərdilər. Onun əməlində İXM-nin 237.1-ci maddəsinin tərkibinin olmaması ilə əlaqədar bildirmək istəyirə ki, o öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun köşkdə qoyduğu manqalın istismar edilməsini və dönər aparatlarının yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin tullantısına səbəb olmasını İdarə özü sübut etməlidir. Yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bu hal araşdıran zaman həmin dönər aparatlarının yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin tullantısına səbəb olub-olmamasını müəyyən etməli, bunun üçün xüsusi qurğulardan istifadə edib havaya atılan zərərli maddələrin yol verilə bilən son hədlərin normativləri səviyyəsindən çox olub-olmamasını ölçməli və eyni zamanda quraşdırmaq istədiyi manqalın istismar edib-etmədiyini müəyyən etməli idi. Yəni bu halları sübut etmək məhz 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəsidir. Lakin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi heç bir sübut olmadan onun fəaliyyətimi daha da qabarıq göstərmək üçün işlətdiyi köşkü restoran kimi qələmə verərək, guya ünvan 1 ünvanında fəaliyyət göstərən Dönər Kabab 24/7 restoranında zərərli maddələrin tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla təmin edilmədən atmosferə tüllantı atılmasını müəyyən etmişdir. Əgər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi belə bir halı müəyyən etməsinə istinad edirsə bu zaman bu halı sübut edə biləcək hər hansı bir materialı, sənədi, fotonu və ya digər sübutu ona təqdim etməli idi. Beləliklə də işin hallarından da görünür ki, onun əməlində vəzifəli şəxs kimi heç bir inzibati xətanın tərkibi yoxdur və bu baxımdan onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən 2000 manat inzibati cərimə edilməyi əsassızdır. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 qərarı müdafiə edərək izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. İnzibati xəta haqqında protokol, qərar, akt, izahat, foto şəkillər və digər sənədləri təqdim edərək, Vüsal Qurbanov tərəfindən araşdırma müddətində iaşə məntəqəsində atmosfer havasına atılan zərərli qaz qarışıqlarının qarşısının alınması məqsədi ilə qaz toz-tutucu təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Aşkar edilmiş faktla bağlı idarə əməkdaşları tərəfindən akt, protokol, tərtib edilmişdir. Bu səbəbdən də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X6 barəsində AR İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7 ünvanında fəaliyyət göstərən Dönər Kabab 24/7 restoranından zərərli maddələrin, tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla təmin edilmədən atmosferə tullantı atılması halı müəyyən edilmişdir. 23 iyun 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, X1 rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7 ünvanında fəaliyyət göstərən Dönər Kabab 24/7 restoranından zərərli maddələrin, tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla təmin edilmədən atmosferə tullantı atılması halı müəyyən edilmişdir. 02 iyun 2025-ci il tarixli 003250 saylı Aktdan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən Dönər Kabab 24/7 restoranına baxış keçirilmiş və obyekt dönər satışı ilə məğul olsa da, kabab bişirmək üçün manqaldan istifadə edildiyi, lakin atmosferə atılan zərərli qazların zərərsizləşdirilməsi üçün qaztoz tutucu qurğunun quraşdırılmaması müəyyən edilmişdir. Buna dair müvafiq fotoşəkillər çəkilərək və izahat alınaraq əlavə olunmuşdur. 23 iyun 2025-ci il tarixli 92950 saylı aktdan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən Dönər Kabab 24/7 restoranına baxış keçirilmiş şəxsin mütəmadi olaraq sifarişlə kabab bişirməklə məşğul olması, manqaldan istifadə qadağan edilməsinə baxmayaraq, manqaldan istifadə halları aşkar edilmişdir. Bununla bağlı şikayətçi Səid Hüseynlinin müraciəti və göndərdiyi fotoşəkillər olmuşdur. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 inzibati xəta haqqında protokol əsasında aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixə saat 10:00-a iştirak barədə bildiriş göndərilmişdir. X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, dönər kabab evində dönər satışı ilə məşğul olur, kabab bişirmək üçün manqal quraşdırılmış, təsadüfü hallarda özü və vətəndaşlar üçün kabab bişirmişdir. Manqaldan atmosferə atılan tullantıların zərərsizləşdirilməsi üçün qurğu quraşdırılmamışdır. Gələcəkdə əgər qurğunu quraşdıracaqsa fəaliyyətinə davam edəcəkdir, əgər qurğöu quraşdırılmasa fəaliyyətini dayandıracaq və manqal dönərxanadan çıxarılacaqdır. Sistem üzərindən görünür ki, X6 ********** saylı VÖEN ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə-vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir Şikayət vermiş şəxs X6 şikayət ərizəsində qeyd edilən qərar prosessual qaydaların pozulmaqla tərtib edilməsinə münasibətdə hesab edir ki, orqan tərəfindən prosessual qaydaların pozulması aşkar edilməmiş, müvafiq olaraq iaşə obyektinə iki dəfə baxış keçirilmiş, Vüsal Qurbanovun izahatı alınmış, bildiriş göndərilərək inzabi xəta pozuntusuna dəvət göndərilmişdir. Şikayətdə qeyd edilən digər bir halın əməlində İXM-nin 237.1-ci maddəsinin tərkibinin olmamasına münasibətdə məhkəmə qeyd edir ki, maddənin dispozisiya şərtinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi maddənin dispozisiyasında təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsini nəzərdə tutmuşdur. Tərtib edilmiş aktlar və foto şəkillərdən müəyyən olunur ki, X5 məxsus olan ünvan 1 ünvanında fəaliyyət göstərən Dönər Kabab 24/7 obyektində iki dəfə ayrı-ayrı vaxtlarda baxış keçirilmiş, manqaldan istifadə edildiyi, lakin atmosferə atılan zərərli qazların zərərsizləşdirilməsi üçün qaztoz tutucu qurğunun quraşdırılmaması müəyyən edilmişdir. Vüsal Qurbanov baxış keçirilən zamanı izahatında və məhkəmə zamanı ona verilmiş suallara cavabında manqaldan özü və ara sıra müştərilər üçün kabab bişirilməsini qeyd etmişdir. Məhkəmə şikayətdə qeyd edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mənə məxsus köşkdə aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamasına münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən bu yoxlamalar sahibkarlıq fəaliyyətindən irəli gələn hallara aiddir və inzibati xəta, cinayət pozuntularının baş vermə hallarına aid deyildir. Göstərilən bu hallar məhkəməyə verilmiş şikayət ərizəsinin dəlillərinin əsassız olmasına və işin həqiqi halları ilə təkzib edilməsinə dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X3 İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar