Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-483/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs 17 yanvar 2023-cü il tarixdə oğurluqda şübhəli kimi saxlanılaraq bölməyə gətirilmiş və narkoloji müayinə zamanı onun narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs əməliyyatçılar şübhəli şəxs qismində bölməyə gətirmişlər. Onun narkotik vasitədən istifadəsi ərazidən bəlli olduğuna görə o, narkoloji dispanserə göndərilmiş və onun narkotik vasitə istifdəçisi olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü də mütəmadi olaraq uzun illərdir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bu barədə müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 13 ildir ki, narkotik vasitə istifadəçisidir. O, həm heroindən, həm də metamfetamindən istifadə edir. Uzun illərdir ki, narkotik vasitələrdən istifadəni tərgidə bilmir. Sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlanılan gün narkotik vasitədən istifadə etmişdir. Əvvəllər dəfələrlə inzibati qaydada AR İXM-nin 206-cı maddəsi ilə həbs edilmişdir. Hazırda da bir müddət narkotik vasitələrdən uzaq qala bilməsi üçün məhkəmədən barəsində 01 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 17 yanvar 2023-cü il tarixdə oğurluqda şübhəli kimi saxlanılaraq bölməyə gətirilmiş və narkoloji müayinə zamanı onun narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” AZA 018001 nömrəli, 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs oğlu 17 yanvar 2023-cü il tarixdə, saat 20:30-da tutulmuş, 19 yanvar 2023-cü il tarixdə, saat 16:20-də azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 haqqında 19 yanvar 2023-cü il tarixli, 274 saylı rəyindən görünür ki, Şəxs oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 haqqında 19 yanvar 2023-cü il tarixli, 274 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun tutularaq saxlanıldığı müddət ona təyin edilmiş tənbehdən çıxılmalı, həbsetmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən, saat 18:00-dan hesablanmalı, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispenserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 17 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək inzibati qaydada tutulduğu müddət ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirinin müddətindən çıxılmaqla üzərində 18 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən, saat 18:20-dən hesablansın. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispenserdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-483/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-483/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver