Məhkəmə qərarları › İş №3(008)-4865/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4865/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4865/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən (Koordinat: 40 dərəcə 34 16.44 “N 49 dərəcə 52 19.34” E) “Major Beach” restoranı tərəfindən Xəzər dənizinin mühafizə zolağının zəbt olunması faktının aşkarlanması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 08 avqust 2025-ci il tarixli 000251 nömrəli Aktdan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Major Beach” restoranının Şəxs istifadəsində olduğunu, obyektin istifadəsi və mülkiyyəti ilə bağlı hər hansı hüquq müəyyənedici sənədinin olmadığını, hər il çimərlik mövsümü başlamazdan əvvəl Sabunçu RİH-dən şifahi razılıq aldığını, özünün qazi olduğunu, istifadəsində olan obyektdə təxminən 30 ədəd kölgəlik, 1 mətbəx, 1 ayaqyolu, soyunub geyinmə otaqlarının olduğunu bildirmiş və təqsirini etiraf etmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 22 və 103-cü maddələrinin 19-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabineti 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” qaydalarının 10 və 22-ci maddələrinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə olunmuş Şəxs 08 avqust 2025-ci il tarixli izahatında göstərilmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Major Beach” restoranı ona məxsusdur və o istifadə edir. Obyektin istifadəsi və mülkiyyətin ilə bağlı hər hansı hüquq müəyyənedici sənədi mövcüd deyil, hər il çimərlik mövsümü başlamazdan əvvəl Sabunçu Rayon İcra Hakimiyyətində digər obyekt sahibləri ilə birlikdə görüşdə şifahi razılıq əsasında obyektdən istifadə edir. İstifadəsində olan obyektin ərazisində 30 ədəd kölgəlik, 1 mətbəx, 1 ayaqyolu, soyunub geyinmə otaqları var, özünü təqsirli qəbul edərək aktın və protokolun yazılışında iştirak edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 9-cu maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir. 40-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 83-cü maddəsinə əsasən su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli Qərarı:

2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

6. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, Akt, foto şəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, tərtib edilmiş Akt, foto şəkillər ilə pozuntunun olması müəyyən edilir, Şəxs istifadəsində olan Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Major Beach” restoranı tərəfindən Xəzər dənizinin mühafizə zonasının zəbt edilməsi aşkar olunur. Məhkəmə iclasında inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar