Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4877/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Şəxs nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 266.2-ci maddələri ilə 12 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 12 avqust 2022-ci il tarixdə Şəxs tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov, 20, 22, 24 ünvanında yerləşən ərazidə 8 ədəd köküstə yaş ağacın götürülərək tikinti məqsədi ilə məhv edilməsi aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında həmin protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə peyk görüntüsü vasitəsi ilə Şəxs MTK tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov 20, 22, 24 ünvanında yerləşən ərazidə 8 ədəd köküstə yaş ağacın məhv edilməsinin və tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması halının aşkar edilmiş və bu səbəbdən MTK barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan fotoşəkillərlə də inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X5 inzibati xəta haqqında həmin protokolun qanunsuz və əsassız olduğunu, inzinati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, MTK-nın nümayəndəsinin izahatının protokolda əks olunmadığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs AR İXM-nin 253.3.1 və 266.2-ci maddələri təqsirli bilinərək AR İXM-nin 34-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı, 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov, 20, 22, 24 ünvanında yerləşən ərazidə 8 ədəd köküstə yaş ağacın götürülərək tikinti məqsədi ilə məhv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 74567 saylı, 12 avqust 2022-ci il tarixli aktdan görünür ki, araşdırma zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində Şəxs MTK tərəfindən tikinti işlərinin aparılması nəzərdə tutulan torpaq sahəsinin peyk görüntülərinin yerində müqayisəli təhlili zamanı tikinti üçün ayrılmış ərazidə 08 ədəd köküstə yaş vəziyyətdə olan ağacın kökündən götürülərək məhv edildiyi, sözügedən ərazidə mövcud 2 və 3 mərtəbəli yaşayış binasının söküntüsü işlərinə başlanıldığı və söküntü zamanı əmələ gələn bərk tullantıların qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə edilmədiyi müəyyən olunmuşdur. Peyk görüntüləri və fotoşəkillərdən tikinti işlərinin aparılması nəzərdə tutulan torpaq sahəsində ağacların məhv edilməklə söküntü zamanı əmələ gələn bərk tullantıların qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkənhər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. 266.2-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun; 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr başa düşülür; 2-ci maddəsinə əsasən tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir; 3.1-ci maddəsinə əsasən Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur; 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir; 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır: 1.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin 1-ci hissəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən ərazidə köküstə yaş ağaclar götürülərək tikinti məqsədi ilə məhv edilmiş, o cümlədən, tikinti zamanı tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, istifadəsi normaları və qaydaları pozulmuşdur. Belə ki, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, tikintidən öncə inzibati xəta haqqında protokolda göstərilən ərazidə yaşıllıqlar olmasına baxmayaraq Şəxs MTK tərəfindən tikinti işləri aparılan zaman artıq həmin ağaclar qeyd olunan ərazidə olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi MTK tərəfindən müvafiq inzibati xətaların törədilməsini inkar etməmiş, sadəcə inzibati xəta haqqında protokolun prosessual qaydalara uyğun tərtib olunmadığına istinad etməklə kifayətlənmişdir. Nümayəndə məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolda MTK-nın nümayəndəsinin izahatının olmadığını göstərsə də, inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib olunarkən MTK-nın nümayəndəsi qismində X6 iştirak etmiş, lakin izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş D/004 saylı, 24 may 2022-ci il tarixli əmrdən görünür ki, X6 həqiqətən də Şəxs MTK-da texniki nəzarətçi vəzifəsində çalışmaqla həmin MTK-nın əməkdaşıdır. Bununla yanaşı, MTK-nın nümayəndəsi inzibati xəta haqqında protokolda nümayəndənin izahatının olmamasına əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə xitam verilməsinin əsasları AR İXM-nin 53-cü maddəsində göstərilmiş və həmin əsaslar içərisində inzibati xəta haqqında protokolun prosessual formasına riayət edilməməsi halı öz əksini tapmamışdır. Göründüyü kimi, MTK-nın nümayəndəsinin istinad etdiyi dəlil əsassız olmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 266.2-ci maddəsi ilə təqsirli bilinməli, AR İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində AR İXM-nin 253.3.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 266.2-ci maddələri ilə təqsirli bilinsin, AR İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində AR İXM-nin 253.3.1-ci maddəsi ilə 35000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4877/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4877/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver