Məhkəmə qərarları › İş №3(008)-490/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-490/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-490/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Pərvin qızı Səfərlinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, 12 avqust 1990-cı il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Baki şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş 21 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş 21 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 göstərmişdir ki, inzibati xəta haqqında protokolları raport əsasında tərtib etmişdir. Raportdan da göründüyü kimi, Şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə ünvansız küçə söyüşləri söymüş, polis əməkdaşları ona yaxınlaşan zaman isə onlara məhəl qoymayaraq polisə tabesizlik göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, polisin qanuni tələblərinə tabe olmayacaq hər hansı hərəkətə yol verməmiş və söyüş söyərək ictimai qaydanı pozmamışdır. O, ümumiyyətlə din adamı olduğundan söyüşdən istifadə etmir. 21 yanvar 2022-ci il tarixdə onu polis bölməsinə dəvət etdikdə o, könüllü olaraq bölməyə gəlmiş və bu zaman onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. O, protokolda əməlindən peşman olduğunu öz xətti ilə yazmışdır. Oxuyub yazması zəif olduğundan izahatı polis əməkdaşları tərəfindən yazılaraq ona oxunmuş və o, həmin izahatı imzalamışdır. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Sədrlik edənin s/c olaraq Şəxs polis bölməsində özünün bilərəkdən etirafedici izahatı imzaladığını və həqiqətləri məhkəməyə söyləmək istədiyini, ona polis bölməsində hər hansı təzyiq və ya təsir göstərilmədiyini, ona polis bölməsində çox yaxşı münasibət göstərildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Şəxs hadisə günü Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə yolun kənarında küçə söyüşləri ilə qeyri-etik hərəkətlər edən şəxsi görərək digər polis əməkdaşı X8 ilə ona yaxınlaşaraq özlərini təqdim etdikdə həmin şəxs onlara məhəl qoymayaraq hərəkətlərini davam etdirərək polisin qanuni tələblərini pozub qaçmağa cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Adil Abil oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 21 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında 21 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. AZA 017986 saylı, 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 17:00-da tutulmuşdur. Şəxs polis bölməsində öz imzası təsdiq etdiyi (məhkəmə iclasında bu xüsusat dəqiqləşdirilmiş və şəxs izahatını özünün könüllü olaraq, heç bir təsir və ya təzyiq göstərilmədən imzaladığını göstərmişdir) izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahid qismində dindirilmiş X9 və X4 izahatları, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün polis bölməsində verdiyi etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs özünü AR İXM-nin 510 cə 535.1-ci maddələri ilə təqsirli bilməsə də, onun məhkəmə iclasında özünün müdafiəsi üçün irəli sürülmüş dəlillər həm onun özünün polis bölməsində verdiyi etirafedici izahatı, polis əməkdaşlarının birinin digəri ilə uzlaşan izahatları ilə təkzib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis bölməsində ona hər hansı təsir və ya təziq göstərilmədiyini, özünün könüllü olaraq etirafedici izahat verdiyini və imzaladığını bildirmişdir ki, bu hal özü də onun hazırda məhkəmə iclasında özünü təqsirli bilməməsini və irəli sürdüyü dəlilləri məsuliyyətdən yayınmaq üçün atılmış addımlar kimi qiymətləndirilməsi üçün əsasdır. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 21 yanvar 2023-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 01 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən, tarixdə saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar