Məhkəmə qərarları › İş №3(008)-4917/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4917/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4917/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 04 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “BMW 3281” minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin nümayəndəsi telefon vasitəsi ilə məhkəmə iclas katibi ilə əlaqə saxlayaraq hazırda hüquqi şəxsin hüquqi ünvanının İmişli rayonunda yerləşdiyini, bu səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini, sorğu göndərilə vaxt da MMC-nin hüquqi ünvanının İmişli rayonu olduğunu və bu səbəbdən sorğunu qəbul etmədiklərini bildirmişdir. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən 18 iyul 2022-ci il tarixdə, saat 01:30-da “BMW 3281” minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş olunmuşdur. xəbərnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 25 iyul 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis mayoru X2 tərəfindən tərtib edilmiş AR İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 04 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “BMW 3281” minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İnzibati tənbeh vermə haqqında” 18 avqust 2022-ci il tarixli, EQ 11010233 saylı qərardan görünür ki, 18 iyul 2022-ci il tarixdə, saat 01:30:25-də Bakı-Quba yolu 8 km Səhər isti 1-də “BMW 3281” minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X1 AR İXMnin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hüquqi şəxsin nümayəndəsi tərəfindən e-mail vasitəsi ilə göndərilmiş “Asan ödəniş” sistemindən olan çıxarışdan görünür ki, EQ 11010233 saylı protokol üzrə cərimə ödənişi 18 iyul 2022-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan xəbərnamədən səlahiyyətli orqan tərəfindən göndərilmiş müvafiq sorğunun 25 iyul 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imza olunmaqla qəbul edilməsi görünsə də, xəbərnamədə imzanın məxsus olduğu şəxsin adı və soyadı göstərilməmiş, ümumiyyətlə həmin xəbərnamənin kim tərəfindən, həqiqətənmi MMC-nin işçisi və ya səlahiyyətli şəxsi tərəfindən qəbul edilməsi məchul qalmışdır. Bununla yanaşı, polis idarəsi tərəfindən MMC-yə ünvanlanmış sorğuda 18 iyul 2022-ci il tarixdə, saat 01:30-da “BMW 3281” minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş olunsa da, MMC tərəfindən e-mail vasitəsi ilə daxil olmuş “Asan ödəniş” sistemindən olan çıxarışdan görünür ki, EQ 11010233 saylı protokol üzrə cərimə ödənişi elə həmin tarixdə, yəni 18 iyul 2022-ci il tarixdə ödənilmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar