Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-492/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 nümayəndəsi X3 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 19 yanvar 2023-cü il tarixli, EQ 12827663 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 yanvar 2023-cü il tarixli, EQ 12827663 saylı inzibati xəta haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X2 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə müvafiq qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 nümayəndəsi X4 bildirdi ki, o 2012-ci il tarixdən Bakıxanov qəsəbəsinin girişində “Lukoil” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən şəxsi mülkiyyətdə olan fərdi yaşayış evində - Bakıxanov qəəbəsi, Ş.Kamilov küçəsi ev 19-da yaşayır. 10 ildən artıq həmişə işdən qayıdanda “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında sola dönməyə icazə verən qırıq-qırıq xəttdən dönüb evinə gəlmişdir. Lakin xəbəri olmadan Bakı şəhər DYPİ və BNA (Bakı Nəqliyyat Agentliyi) vətəndaşları cərimələmək üçün, mövcud qırıq-qırıq xətti (sola dönməyə icazə verən nişanlanma xəttini), qoşa düzünə xəttlə əvəz edərək qonşularına (eyni zamanda atası X4 haqqında da) elektron cərimələr təyin etməyə başladılar. Ona görə də, atası və qonşular kollektiv ərizə ilə ölkə rəhbərliyinə və BNA-ya müraciət etdikdən sonra, xx.xx.2022-ci il tarixli məktubla BNA rəsmi cavab verərək bildirdi ki, Bakıxanov qəsəbəsi istiqamətindən “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində 1.11 nişanlanma xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edilmişdir. BNA cavab məktubunu icra etmiş və 1.11 nişanlanma xətti - yəni sola evinə dönməyə icazə verən (qırıq-qırıq) xətt bərpa edilmişdir. Nişanlanma xətti bərpa edildikdən sonra o və bütün qonşular gün ərzində həmin yerdən 5-6 dəfə sola dönərək evə gəlmişlər. Lakin xx.xx.2023-cü il tarixdə BDYPİ-nin təşkil etdiyi radar tərəfindən onun haqqında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən EQ 12827663 nömrəli elektron qərar qəbul edilmiş və o (3 bal) 60 man məbləğində cərimə olunmuşdur. Sabunçu rayon DYPİ-də olmuş və elektron qərarın surətini tələb etmişdir. Həmin qərarda göstərilib ki, guya ki, o, sola və geriyə dönmə qaydalarını pozduğu üçün 60 manat məbləğində cərimə olunur. O DYP əməkdaşına bildirib ki, heç bir qayda pozmamış, həmin ərazidə BNA tərəfindən 1.11 sola dönməyə icazə verən nişanlanma xətti təşkil edilmişdir. Onlar isə ona cavab verdilər ki, cərimə tətbiqi elektron qaydada artıq sistemə düşüb və həmin qərar yalnız məhkəmə qərarı vasitəsi ilə ləğv edilə bilər. Bütün göstərilənlərə əsasən məhkəmədən 19 yanvar 2023-cü il tarixli, EQ 12827663 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayət verən şəxsin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 barəsində 19 yanvar 2023-cü il tarixli, EQ 12827663 saylı inzibati xəta haqqında qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, EQ 12827663 saylı qərara görə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08- 09638/ROL-06600/4 saylı məktubundan görünür ki, Ramiz Qəmbərov küçəsində (Bakıxanov qəsəbəsi istiqamətindən, “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində) 1.11 nişanlama xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08- 13887/N-12599 saylı məktubundan görünür ki, Ramiz Qəmbərov küçəsində (Bakıxanov qəsəbəsi istiqamətindən, “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində) 1.11 nişanlama xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinin tələbinə əsasən X1 şikayəti təmin edilməli və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanın törədilməsini müəyyən edən sübutlar aşkar edilmədiyindən, əksinə iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08-13887/N-12599 saylı məktubuna əsasən Ramiz Qəmbərov küçəsində (Bakıxanov qəsəbəsi istiqamətindən, “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində) 1.11 nişanlama xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edildiyindən, həmin məktubdan 01 aydan çox müddət sonra, yəni 19 yanvar 2023-cü il tarixdə həmin yerdən sola dönmə əməliyyatını həyata keçirən X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi mövcud olmadığından Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 19 yanvar 2023-cü il tarixli, EQ 12827663 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, səlahiyyətli orqan tərəfindən işin icraatı üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan aparıldığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidi. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair 19 yanvar 2023-cü il tarixli, EQ 12827663 saylı inzibati xəta qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-492/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-492/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver