Məhkəmə qərarları › İş №3(008)-4949/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4949/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4949/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 vəkili X2 iştirakı ilə, X1 Sabunçu RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X3 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-yə müvafiq qaydada məlumat verilsə də, Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Sabunçu RPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxsin vəkili X4 bildirdi ki, X3 09 iyun 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi **-SY-*** dövlət nömrə nişanlı “OPEL ASTRA” markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsi ilə baş yolla sürət tələbinə uyğun olaraq saatda 50-60 km sürətlə hərəkət edərkən **-HS-*** dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil onun qarşısına çıxmış, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən bir müddət sonra hadisə yerinə sığorta şirkətinin nümayəndəsi gəlmiş və hadisə yerinə ətraflı müayinə keçirmişdir. Bundan sonra hadisə yerinə Mircavad Kazımov adlı polis işçisi gəlmişdir. Hadisə yerini müayinə etdikdən sonra hadisənin səbəbkarı “Lexus” markalı avtomobilin sürücüsü olduğunu bildirmişlər. X1 hadisə yerindən çəkdiyi şəkillərdən görünür ki, o, həmin vaxt qanunla müəyyən edilmiş qaydada baş yolla saatda 50-60 km sürətlə hərəkət etmiş, bu zaman ikinci yolda hərəkət edən “Lexus” markalı avtomobilin sürücüsünün qəfil baş yola çıxması hadisəni qaçılmaz etmişdir. Bütün bunlara baxmayaraq polis əməkdaşı inzibati xətanın törədilməsinin səbəbkarı kimi Elşən Namazov barəsində protokol edilmişdir. Ona görə də hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyindən barəsində qəbul olunmuş qərar əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə şikayət verən şəxsin vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X3 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-yə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 barəsində qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə edilmə haqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinin tələbinə əsasən X1 şikayəti qismən təmin edilməlidir. Belə ki, Elşən Namazov barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında məsuliyyət cəlb olunmasın dair 09 iyun 2023-cü il tarixli TP ******* saylı qərarın qəbul edilməsində əsaslana dəlillərlə, hazırda şikayət vermiş şəxsin məhkəməyə təqdim etdiyi sübutlar (fotoşəkillər və s.) arasında ziddiyyətin mövcud olması və belə olan təqdirdə səlahiyyətli orqan tərəfindən işin icraatı üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan aparılması ilə əlaqədar Sabunçu RPİ-nin X7 İdarəsinin 09 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 09 iyun 2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-yə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-yə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar