Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4962/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi ilə, X1 Bakı şəhər Sabunçu RPİ DYPŞ-nin 09.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Sabunçu RPİ DYPŞ-nin inspektoru X2 tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 06.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. X3 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 06.08.2021-ci il tarixdə həyat yoldaşının səhəttindəki narahatçılıqla əlaqədar, saat 23:00 radələrində özünə məxsus olan “Rexton” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə, tanış həkimin ünvanına gedərkən, Bakıxanov qəsəbəsi ərazisində Şamil Kamilov küçəsindən icra hakimiyyəti istiqamətindən baş yoldan gələn “Nissan Sunny” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtonəqliyyatla yol ayırıcında, sağ hissəsində yüngülvari avtomobilinə sürtülmüşdür. “Nissan Sunny” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi çox sürətli keçdiyindən, onun idarə etdiyi avtomobilinin sol tərəfində qeyri qanuni dayanan, “BMW 328” markalı, **-VV- *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi irəli hərəkət edəndə toqquşmuşlar. O avtomobildən düşərək, baş vermiş hadisəyə baxmaq üçün hadisə yerinə yaxınlaşmışdır. Yaxınlaşan zaman görmüşdür ki, hər iki avtomobilin sürücüləri biri-birini təhqir edirlər. Həyat yoldaşı xəstə olduğu üçün, hadisənin axırını gözləyə bilməyib, avtomobilinə minib həyat yoldaşını həkimə aparmışdır. Hadisənin səhəri günü, Sabunçu rayon DYPŞ axtarış üzrə inspektoru Anar Qəmbərov adlı inspektoru onun yaşadığı ünvana gələrək, ona məxsus olan avtonəqliyyat vasitəsinə baxış keçirmişdir. Baxış keçirəndən sonra, onun avtonəqliyyat vasitəsini “Koroğlu” metrostansiyası ərazisində yerləşən cərimə meydançasına yerləşdirmiş və onlar birlikdə Sabunçu rayon DYPŞ-nə getmişlər. Sabunçu rayon DYPŞ-də ondan izahat alınmış, barəsində protokol tərtib etmiş və onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci, 327.2-ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (hadisə yerini tərk etdiyi üçün) 100 (yüz) manat məbləğində cərimə etmişdir. İzahatdan sonra, Sabunçu rayon DYPŞ axtarış üzrə inspektoru Anar Qəmbərov ona 100 manatlıq cəriməni ödətdirib, “arxayın ol, sənə aid heç bir iş yoxdur” deyərək, “gedə bilərsən” söyləmişdir. Həyat yoldaş xəstə olduğu üçün, axtarış üzrə inspektora inanıb, onun təqdim etdiyi sənədləri imzalayıb, şöbəni tərk etmişdir. Sonradan, "xxxx" ASC tərəfindən, 27.08.2021-ci il tarixdə ünvanına göndərilən zərfdə 05/01-1353 nömrəli məktubda ondan baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobilə dəymiş zərərə görə tərəflərindən aparılan 2790 (iki min yeddi yüz doxsan) manat məbləğində sığorta ödənişini tələb etmişlər. Həmin tarixdə Sabunçu rayon DYPŞ-nin axtarış üzrə inspektoru Anar Qəmbərovun dəfələrlə yanına gedərək, onun hansı əsasla hadisənin törədilməsinin günahkar olduğunu soruşsa da, ona heç bir əsas göstərmədən, hadisənin video görüntüsünü göstərməyə söz vermişdir. Lakin, sonradan video-görüntünün olmadığını bildirmişdir. Sonra o Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sabunçu RPİ-nin 03.11.2021-ci il tarixli məktubula ərizəyə cavab olaraq ona məxsus olan “Rexton” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsinin onun iştirakı ilə Sabunçu RPİ DYPŞ-nin əməkdaşı tərəfindən sənədləşdirilməsi və inzibati xəta haqqında protokolla razı olduğunu imzayla təsdiq etdiyi qeyd edilmişdir. Hal bu ki, o həmin deyilən sənədləşmədə iştirak etməmiş, Sabunçu rayon DYPŞ-nin axtarış üzrə inspektoru Anar Qəmbərovun sözünə inanmış, onun sözünə görə heç bir günahı olmadığı üçün (hadisə yerini tərk etdiyim üçün) 100 (bir yüz) manat məbləğində cərimələmişdir. O inzibati xəta törətmədiyini şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayətçi X1 şikayətini nəzərdən keçirərək, Bakı şəhər Sabunçu RPİ DYPŞ-nin inspektoru X2 tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini və əsaslığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmalı, həmin qərar ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş 09.08.2021-ci il tarixli, İXP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 06.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci, 327.2-ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. Bakı şəhər Sabunçu RPİ DYPŞ-nin inspektoru X2 tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-4962/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4962/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver