Məhkəmə qərarları › İş №3(008)-4963/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4963/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4963/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi-8, İnzibati Bina ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 30 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7651/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 üçün X3 xeyrinə tutulmalı olan alimentin məbləği hər ay 200 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 protokolda göstərilənlərə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru borclunun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, 2 aydır ki, azadlığa çıxdığını, Şəxs icra məmurunun çağırışlarından yayınmadığını, həmişə çağırışlara vaxtlı-vaxtında gəldiyini, vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin və qeydiyyat yerinin olmadığını, şəxsiyyətini təsdiq edən sənədi olmadığından Məşğulluq Xidmətində qeydiyyata dura bilmədiyini, adına hər hansı əmlak olmadığını, tələbkar məbləği tam istədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 16 saylı cəzacəkmə müəssisəsində cəza çəkmiş və cəmi 02 ay olar ki cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Cəzacəkmə müəssisəsində olduğu müddət ərzində əmək haqqından tutulmuş məbləğ hesabına aliment ödəmişdir. Azadlığa çıxdıqdan sonra isə heç bir yerdə rəsmi işləmir. Fəhlə kimi günəmuzd işlərdən qazandığı pulla alimenti tam məbləğdə ödəyə bilmir, lakin azadlığa çıxdıqdan sonra 2 ay ərzində 200 manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxs X4 hər ay 200 manat məbləğində ödəniş edəcəyinə dair söz verib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd olunanların nəzərə alınaraq, barəsində başlanılmış inziibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs şəxsiyyət vəsiqəsi olmadığından Məşqulluq Xidmətində qeydiyyata dura bilmədiyini və iş tapa bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında Şəxs hər ay ona 200 manat məbləğində ödəniş etməsinə razılıq verdiyini bildirərək bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs Şəxs həbsdən azad olunduqdan sonra ona 200 manat məbləğində aliment ödədiyini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7651/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 üçün X3 xeyrinə tutulmalı olan alimentin məbləği hər ay 200 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7651/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə bir yerdə Şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “İcra sənədinin aidiyyatı üzrə göndərilməsi” haqqında qərara əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi icra sənədi icra olunması üçün 16 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 16 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş məhkum Şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. İcra vərəqəsi üzrə məhkumun əmək haqqından tutulmuş 840 (səkkiz yüz qırx manat) aliment borcu X2 bank hesabına köçürülmüşdür. Şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixli izahatlarında 1 ildir ki, cəzaçəkmə müəssisəsində olduğunu, həmin müddət ərzində aliment ödədiyini, 2 aydır ki azadlığa çıxdığını və 2 ay ərizində 200 manat ödədiyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7651/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, həm iş materiallarından, həm də iş üzrə izahat vermiş icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarından görünür ki, Şəxs 30 iyun 2022-ci il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilmiş, o cəzaçəkmə müəssisəsində olarkən onun əmək haqqından müvafiq məbləğdə aliment zərərçəkmiş şəxsə ödənilmiş, Şəxs cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra da 200 manat məbləğində alimenti zərərçəkmiş şəxsə ödəmişdir. Göstərilən bu hallar Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməmə halı kimi qiymətləndirilməsini istisna edən hallardır. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədindən məlumatlı olması, həmin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Şəxs məhz qeyd olunan icra sənədini icra etmədiyinə görə AR CM-nin 306.1-ci maddəsi ilə cəza çəkmiş və həmin cəzadan azad edilməsindən hələ iki ay keçmədən icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, icra məmuru özü də məhkəmə iclasında bildirmişdir ki, Şəxs Məşğulluq Xidmətində qeydiyyata durmaq üçün ona müraciət etmiş, lakin onun şəxsiyyət vəsiqəsi olmadığından və qeydiyyat ünvanının olmaması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilmədiyindən o, Məşğulluq Xidmətində qeydiyyata alınmamışdır. Bununla yanaşı, iş materiallarından görünür ki, şəxs cəza çəkdiyi müddətdə onun əmək haqqından 840 manat aliment borcu tutularaq zərərçəkmiş şəxsə ödənilmiş və şəxsin azad olunmasından 02 ay keçmədən o, 200 manat məbləğində alimneti zərərçəkmiş şəxsə ödəmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla həm cəza çəkdiyi müddətdə, həm də cəzadan azad edildikdən sonrakı qısa zaman ərzində maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin üzürsüz xarakter daşımamasına dəlalət edir. Bununla yanaşı, məhkəmə iclasında zərərçəkmiş şəxs özü də yazılı ərizə təqdim edərək Şəxs bundan sonrakı aylarda ona hər ay 200 manat məbləğində ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar