Məhkəmə qərarları › İş №3(008)-4992/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4992/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4992/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Qərardan şikayət verən şəxs X8, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X11 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X13 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən MN ******* nömrəli inzibati protokol tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə DƏMX-nin Bakı şəhər idarəsində AR-sı İXM-nin 199-cu maddəsinə əsasən 900(doqquz yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə MN1613335 nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hörmətli hakim, məlumat üçün bildirir ki, rəhbərlik etdiyi Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Təmizlik sahəsinin küçə süpürgəçisi işləyən X12 xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Sabunçu rayonu Nardaran-Pirşağı yolunda yerləşən tunelin daxilində sarı xətlə bordür arasında təmizlik işləri ilə məşğul olarkən X1 idarə etdiyi “Mersedes- Bens C 180” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə tunelin daxilində N.Usubovanı vurması səbəbindən “Sol aşıq baldır oynağının cırılmış, geniş hər iki topuğunun yerdəyişən sınığı” diaqnozu ilə “X14” daxil olmuşdur. Tərəflərindən aparılmış araşdırma zamanı və N.Usubovanın verdiyi izahara əsasən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə N.Usubava saat 07:00-da işə gəldiyi zaman soyunub-geyinmə otağında xüsusi iş paltarını geyindiyi, briqadir E.Vəliyev tərəfindən görəcəyi işlər barədə təlimatlandırıldığını (surəti əlavə olunur), süpürgə, diyircəkli arabanı və digər texniki təhlükəsizlik vasitələrini götürüb təhkim olunduğu əraziyə getmişdir. İş yerində N.Usubova sarı xətlə bordür arasında olduğu və diyircəkli arabanı və texniki vasitəni təlimata əsasən özündən 10 metr aralıda saxlayıb iş görərkən “Mersedes-Bens C180” markalı avtomobilin digər avtomobillə toqquşmaması üçün avtomobilin sürücüsü sükanı yana çəkmiş və avtomobil dövrə vuraraq N.Usubovanı vurmuşdur. Baş vermiş hadisə zamanı ilkin sorğu zamanı sürücü X15 hadisə yerində bildirmişdir ki, hadisə zamanı sükanda yuxuladığı üçün hadisə baş vermişdir. Bu barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma acarılır Tərəflərindən aparılmış araşdırma zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin olunması sahəsində əvvəlcədən bütün tədbirlər həyata keçirilərək sənədləşdirilmişdir. Buna baxmayaraq DƏMX- nin Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılaraq KTİ-nin rəisi kimi barəsində AR- İXM-nin 199-cu maddəsinə əsasən barəsində MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, belə hesab edir ki, onun əməlində AR. İnzibati Xətalar Məcəlləsinin 199cu maddəsinin tərkibini yaradan inzibati xəta yoxdur. Tərtib olunmuş protokolun heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati cərimə növü tətbiq edilməsi barədə MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv ediməsini ahiş etmişdir. Qərardan şikayət verən şəxs X13 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində nəyə görə inzibati xəta haqqında protokol və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunması izah olunmamışdır. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilən İXM-nin 199-cu maddəsinə istinad olunaraq sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi qeyd edilmiş, lakin konkret olaraq belə şəraitin təmin olunmaması dedikdə nə nəzərdə tutulub o qeyd edilməmişdir. Yəni tərəfindən hansı tədbirlər görülməli idi ki, onlar görülməyib və buna görə inzibati orqan hesab edib ki, onun tərəfindən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməyib. Bundan başqa istehsalatda bədbəxt hadisə haqqında akt tərəfindən imzalanmadığı üçün onun barəsində İXM-nin 555-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bu gün Əmək Müfəttişliyinin səlahiyyətli nümayəndəsinin təqdim etdiyi istehsalatda bədbəxt hadisə haqqında 1/2024 nömrəli iz aktı tərəfindən hər hansı pozuntuya yol verilməsini təsdiq etmir.Məhkəmədən şikayətin təmin edilməsini və barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin səlahiyyətli nümayəndəsi X10 məhkəmə iclasında bildirmişdir ki, “Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi”nin rəisi X8 imzası ilə təsdiq edilən istehsalatda bədbəxt hadisə haqqında iz aktı tərtib olunaraq X11 Xidmətinə təqdim olunmuşdur. Həmin aktla qərardan şikayət verən şəxs AR Əmək Məcəlləsinin 215-ci maddəsi və 222-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələblərini pozduğunu özü təsdiq etmişdir. Bunun əsasında tərəflərindən işəgötürən, yəni “Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi”nin rəisi X8 barəsində AR İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 04 iyun 2024-cü il tarixdə inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixdə isə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İşəgötürən baş vermiş bədbəxt hadisə barədə Əmək Müfəttişliyinə məlumat verməlidir. Daha sonra müfəttişlik tərəfindən komissiya yaradılır və araşdırma aparılır. Araşdırmanın nəticəsində nöqsanlar aşakar olunduğu halda şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunur. Qeyd olunan iş üzrə də komissiya tərəfindən araşdırma aparılmışdır. Zərərçəkmiş şəxsin izahatı alınmış və nəticədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,”Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin rəisi X13 tərəfindən X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməmiş və nəticədə X13 tərəfindən İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolda bu faktın “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi” nin təqdim etdiyi təhqiqat materialları ilə təsdiq edildiyi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibai tənbeh vermə haqqında 13 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin rəisi X13 tərəfindən X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməmişdir. Nəticədə X13 tərəfindən AR İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında №1/2024 saylı aktdan görünür ki, həmin akt özündə bədbəxt hadisənin təfsilatını, bədbəxt hadisənin səbəblərini, “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin Sabunçu Rayon Kommunal Təsərrüfat İdarəsinin briqadiri X2 izahatını, hadisə nəticəsində zərərçəkmiş şəxs X6 aşkar olunmuş xəsarətləri, hadisə ilə bağlı Sabunçu RPİ-nin İş-də araşdırma aparılmasına dair məlumatları əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən yalnız istehsalatda bədbəxt hadisə haqqında akta istinad edərək X13 tərəfindən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi barədə nəticəyə gəlməsi üçün yetərli deyil. Belə ki, həmin aktın məzmunu ilə tanış olunarkən məlum olur ki, həmin akt məlumat xarakteri daşımaqla özündə istehsalatda baş vermiş bədbəxt hadisənin təfsilatı, səbəbləri, “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin Sabunçu Rayon Kommunal Təsərrüfat İdarəsinin briqadiri X2 izahatını, zərərçəkmiş şəxsin xəsarətləri, hadisə ilə bağlı Sabunçu RPİ-nin İş-də araşdırma aparılmasına dair məlumatları əks etdirir və həmin məlumatlara əsaslanmaqla X13 tərəfindən hadisə baş verən günü sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin yaradılmaması nəticəsinə gəlinməsinə əsas vermir. Belə ki, həmin aktda hadisənin təfsilatı qrafasında X5 izahatına istinad edilərək hadisənin təsviri verilmişdir. Qeyd edilən aktda bədbəxt hadisənin səbəbi kimi “X1 idarə etdiyi "Mercedes Benz C 180" markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Nardaran qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman tunelin içində təmizlik işləri görən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin küçə süpürgəçisi X7 vurması” qeyd edilmişdir. Qeyd edilən aktın “əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər” qrafası isə boş saxlanılmışdır. Bu akt özlüyündə X5 xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisə zamanı X13 tərəfindən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsinə dair konkret və birmənalı nəticəyə gəlməyə imkan vermir. Akt məlumat xarakteri daşımaqla X13 tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulmasını təsdiq etmir. Bundan başqa inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti gpstərilməmişdir. Şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xətanı nəzərdə tutan İXM-nin 199-cu maddəsinin dispozisiyası qeyd edilmiş, lakin bunun konkret olaraq X8 hansı hərəkətlərində ifadə olunması göstərilməmişdir. AR Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il № 27 qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 2-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X11 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X11 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da görünür ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə hadisənin araşdırılması məqsədilə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməlidir. Sonuncu isə araşdırma aparılması məqsədilə müvafiq komissiya yaratmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi məhkəmə iclasında komissiya tərəfindən araşdırma aparıldığını və zərərçəkmiş şəxsin izahatının alındığını bildirmişdir. Məhkəməyə zərərçəkmiş şəxsin izahatını təqdim etmişdir və həmin izahatda zərərçəkmiş şəxs bildirmişdir ki, “hadisə xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Sabunçu rayonu. Nardaran-Pirşağı yolunda yerləşən tunelin daxilində baş vermiş, həmin gün saat 07:00-da işə gəlmiş, soyunub-geyinmə otağında iş paltarını geyinmiş, briqadir Vəliyev Ehtiram tərəfindən görəcəyi işlər barədə təlimatlandırılmış, süpürgə, diyircəkli arabanı götürüb təhkim olunduğu əraziyə getmiş, həmin gün havanın küləkli olduğunu, işə yerdə olan zibilləri yığmaqla başlamış, birdən “Mercedes Benz“' markalı avtomobilin qarşısına digər avtomobilin çıxdığını görmüş, “Mercedes Benz” markalı avtomobil digər avtomobillə toqquşmamaq üçün avtomobilin sükanını yana çəkmiş, avtomobil dövrə vuraraq ona dəymişdir”. Suallara cavab olaraq isə bildirmişdir ki, “hadisə baş verən zaman bardürlə sarı xəttin düz ortasında dayanmış, ona mütəmadi olaraq təlimatlar verilmiş, bilikləri yoxlanılmiş, fərdi mühafizə vasitələri verilmiş, təmizlik işləri görərkən diyircəkli arabanı özündən təqribən 10 metr uzaqlığında qoymuşdur.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması üçün komissiya yaradıldığı və araşdırma aparıldığı qeyd edilsə də, aparılmış araşdırmanın nəticəsini əks etdirən tədqiqat aktı məhkəməyə təqdim edilməmiş, bədbəxt hadisə haqqında işəgötürən tərəfindən tərtib edilən iz aktı əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu, başqa sübutların olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tətəfindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas kimi təqdim edilən istehsalatda bədbəxt hadisə haqqında akt və zərərçəkmiş şəxsin izahatı “Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyin”in rəisi X13 tərəfindən ona istinad edilən AR İXM-nin 199-cu maddəsində nəzərdə tutulan əməlin, yəni X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsini təsdiq etmir. Şəxs inzibati məsuliyyətə o halda cəlb oluna bilər ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilsin və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş olsun. Təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxsin təqsirliliyini təsdiq edən sübutun olmaması şəxsin təqsirliliyinin sübuta yetirilməməsi hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ,”Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin rəisi X13 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar