Məhkəmə qərarları › İş №3(008)-4995/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4995/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4995/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 4-cü ərazi X3 İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242123273 çıxarışa əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən obyektdə yoxlama keçirilməsinə şərait yaradılmamış və heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 4-cü ərazi X3 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını qeyd etmiş, bildirmişdir ki, yoxlama aparılması qeyd edilən ərəfədə o, həmin obyektdə fəaliyyət göstərməmişdir. Beləki, xx.xx.2024-cü il tarixdə Səhiyyə Nazirliyi və DVX tərəfindən qeyd olunan obyektdə lisenziyasız fəaliyyət göstərməsi müəyyən olunmuşdur və bununla bağlı inzibati məsuliyyətə cəlb olunaraq barəsində 5000 manat məbləğində cərimə tətbiq olunmuşdur. Bundan başqa Dövlət Vergi xidməti tərəfindən də barəsində bununla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Yuxarıda qeyd olunan tarixdən sonra obyektdə fəaliyyət göstərməmişdir. X4 İdarəsi tərəfindən onunla telefon vasitəsilə əlaqə saxlanılmışdır. O isə onlara orada fəaliyyət göstərmədiyini və həmin obyekti icarəyə verənin əlaqə məlumatlarını verərək onunla əlaqə saxlamalarını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 4-cü ərazi X3 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 4-cü ərazi X3 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 iyul 2024-cü il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin 4 cü ərazi X3 İdarəsinin X3 şöbəsinin böyük inspektoru daxili xidmət baş leytenantı Fərid Qonaqov, həmin şöbənin ınspektorları daxili xidmət kapitanı Kənan Osmanov və daxili xidmət kapitanı Elvin Rəhimovun iştirakı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi ünvanında yerləşən stomotoloji kabinetdə xx.xx.2024-cü il tarixdə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən daxil olmuş “Çıxarışa” (KY2********) əsasən yanğın texniki müayinə keçirmək üçün obyektdə olduq. Lakin obyekt rəhbəri şərait və yoxlamaya dair sənədləri təqdim etmədiyi uçün yanğın texniki yoxlaması keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 4-cü ərazi X3 İdarəsinin inspektoru X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242123273 çıxarışa əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən obyektdə yoxlamaya dair sənədlər təqdim olunmamışdır; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 08 iyul 2024-cü il tarixli KY242123273 saylı çıxarışdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən obyektdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 4-cü ərazi X3 İdarəsi tərəfindən yanğın-texniki müayinənin aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs xx.xx.2009-cu il tarixdə fiziki şəxs qismində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmişdir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “stomotoloq” adlı obyektdə xx.xx.2024-cü il tarixdə Şəxs lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur və bununla da İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Səhiyyə Nazirliyi və DVX tərəfindən fəaliyyət göstərdiyi obyektdə yoxlama aparıldıqdan sonra orada fəaliyyət göstərmədiyini bildirmişdir. Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuş və İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda obyektdə yoxlama keçirilməsinə şərait yaradılmadığı və sənədlər təqdim edilmədiyi qeyd edilmiş, lakin şərait yaradılmanın konkret olaraq şəxsin hansı hərəkətlərində ifadə olunduğu göstərilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli yanğın texniki müayinə aktında obyekt rəhbəri tərəfindən müayinəyə şərait yaradılmadığı qeyd olunsa da, konkret olaraq kimin (ad, soyad, ata adı) şərait yaratmadığı təsbit edilməmişdir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin obeykti icarəyə götürdüyünü və yoxlama zamanı orada fəaliyyət göstərmədiyini bildirmişdir. Bundan başqa həmin aktda yoxlamaya dair sənədlərin təqdim edilmədiyinin qeyd edilməsi ilə kifayətlənilmiş, hansı sənədlərin tələb olunduğu və onun kim tərəfindən təqdim edilməməsi, təqdim edilməmənin səbəbləri araşdırılmamış və qeyd edilməmiş, vizual müşahidə yolu müəyyən edilməsi mümkün olan yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmaması kimi hallar qeyd edilməmişdir. Məhkəə hesab edir ki, qeyd olunan akt iş üçün əhəmiyət kəsb edən bütün mühüm halları özündə əks etdirmədiyindən şəxsin əməlində inzibati xəta tərkibinin olması barəsində yekun nəticəyə gəlməyə imkan vermir. Şəxs inzibati məsuliyyətə o halda cəlb oluna bilər ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilsin və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş olsun. Təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar