Məhkəmə qərarları › İş №3(008)-5005/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5005/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5005/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsinin sahə inspektoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsinin sahə inspektoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə MN ******* saylı, 30 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 21 avqust 2022-ci il tarixdə keçmiş həyat yoldaşı X4 döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsinin sahə inspektoru X8 inzibati xəta haqqında protokolu işdə olan sənədlər əsasında tərtib etdiyini, cinayət işinin başlanması rədd edildikdən sonra iş materiallarında olan müvafiq ekspert rəyinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmir. O, ümumiyyətlə zərərçəkmiş şəxs X4 həmin gün vurmamışdır. Onlar zərərçəkmiş şəxslə faktiki nikah münasibətlərində olmuşlar və onların səkkiz övladı var. Bir müddətdir ki, ayrı yaşayırlar. Hadisə günü baldızı onu həmin evə dəvət etmişdir. O, evə getməsinə baxmayaraq, X4 döyməmişdir. Şəxs ona şər atıqlarını bildirmişdir. Göstərilənlərin nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsinin sahə inspektoru X8 ilə telefon vasitəsi ilə əlaqə yaradaraq məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 30 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 avqust 2022-ci il tarixdə keçmiş həyat yoldaşı X4 döymüşdür. “Cinayət işinin rədd olunması haqqında” 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsi üçün aiddiyyəti əməkdaşa həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 canlı şəxsin ekspertizasının 1941 saylı, 25 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, X1 bazu, sağ baldır nahiyyələrinin qançırları, sağ diz oynağı nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 21 avqust 2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən itələnibyıxılması nəticəsində törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. “Cinayət işinin rədd olunması haqqında” 29 avqust 2022-ci il tarixli qərarında öz əksini tapmış zərərçəkmiş şəxs X2 izahatından görünür ki, o, həmin izahatında 21 avqust 2022-ci il tarixdə Şəxs onun yaşadığı evə gələrək əvvəlcə anası ilə mübahisə etdikdən sonra onu kənarlaşdırmaq istəyən zaman əli ilə itələyib yerə yıxılan zaman diz nahiyyəsindən və qolundan xəsarət aldığını bildirmişdir. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, həmin izahatında o, zərərçəkmiş şəxsi döymədiyini, zərərçəkmiş şəxsin ona böhtan atdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində AR İXMnin 157-ci maddəsinin tərkibinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs ilkin izahatından etibarən özünü AR İXMnin 157-ci maddəsi ilə təqsirli bilməyərək X4 döymədiyini bildirmişdir. “Cinayət işinin rədd olunması haqqında” 29 avqust 2022-ci il tarixli qərarında öz əksini tapmış zərərçəkmiş şəxs X2 izahatından görünür ki, o, izahatında Şəxs anası ilə mübahisə edərkən kənarlaşdırmaq istəyən zaman Şəxs onu itələməsi səbəbindən yıxılması nəticəsində xəsarətlər aldığını bildirmişdir. Zərərçəkmiş şəxsin həmin izahatındakı xüsusatı təsdiq edən 1941 saylı, 25 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən itələnib-yıxılması nəticəsində törənə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs inzibati xəta haqqında protokolda göstərildiyi kimi zərərçəkmiş şəxsi döyməmiş və ona fiziki ağrı yetirmək məqsədi olmamışdır. Belə ki, AR İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məlum olduğu kimi AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta qəsdən törədilən inzibati xətadır. Lakin hazırki işin hallarından görünür ki, Şəxs zərərçəkmiş şəxsi döyməmiş, onu itələməkdə isə məqsədi ona fiziki ağrı yetirmək olmamışdır. Belə ki, zərərçəkmiş şəxsin özünün də iş materiallarında olan izahatında göstərdiyi kimi zərərçəkmiş şəxs Şəxs anası ilə mübahisə edərkən onu kənarlaşdırmaq istəyən zaman zərərçəkmiş şəxsin hərəkətlərinə cavab olaraq Şəxs onu itələmişdir ki, belə olan halda şəxsin qəsdinin məhz zərərçəkmiş şəxsə fiziki ağrı yetirməyə yönəlməsi və onun təqsirli olaraq müvafiq hərəkəti etməsi qənaətinə gəlinməsi mümkün deyil. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təhqiqatçı tərəfindən cinayət işinin başlanması rədd olunarkən Şəxs əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlinsə də, təhqiqatçının nəyə əsasən bu qənaətə gəlməsi ümumiyyətlə əsaslandırılmamışdır. Qeyd olunan qərarda təhqiqatçı hər hansı şahidin izahatına əsaslanmadan, barəsində şikayət verilmiş şəxs Şəxs izahatını ümumiyyətlə almadan, sadəcə ekspert rəyinə istinad etməklə şəxsin əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlmişdir. Halbuki, iş üzrə ekspert rəyi şəxsdə xəsarətlərin olmasını təsdiq etsə də, xəsarətlərin kim tərəfindən, məhz fiziki ağrı yetirmək niyyəti ilə yetirilməsini müəyyən edən və ya təsdiq edən sübut növü olmamaqla işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, müvafiq eskpert rəyində göstərilən xəsarətlərin məhz Şəxs tərəfindən törədilməsinin, hansı şəraitdə törədilməsinin, şəxsin müvafiq hərəkətləri edərkən qəsdinin məhz zərərçəkmiş şəxsə fiziki ağrı yetirməyə yönəlməsinin müəyyən edilməsi iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğu halda müvafiq hallar ümumiyyətlə araşdırılmadan şəxsin əməlində inzibati xəta tərkibinin olması nəticəsinə gəlinmişdir ki, bu da iş materiallarında Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutun olmamasını deməyə əsas verir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübuta yetirilAmədiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən, yəni onun həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar