Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5015/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İHakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elmixan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 24 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-464/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Bununla da Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(113)-464/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs MMC-dən 5540,22 manat əsas borc, 280 manat cərimə, 100 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,93 manat olmaqla, cəmi 5943,15 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, Şəxs MMC-nin "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, “X4” ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də çoxsaylı cari hesabları mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsində məcburi icra tədbiri qaydasında borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi qeyd edilmişdir. Həmin Qanununun 56.3-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Həmin Qanununun 45.4-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Həmin Qanununun 5-ci maddəsinə əsasən bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. İnzibati xəta haqqında protokolu, icra məmurunun izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin Şəxs MMC-yə münasibətdə mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi borclu hüquqi şəxsin hesabları mövcud olduğu halda icra məmuru həmin hesabların üzərinə həbs qoymalqa borc məbləğinin ödənilməsini təmin etməlidir. Hüquqi şəxs Şəxs MMC-nin müxtəlif banklarda cari hesablarının olmasına baxmayaraq icra məmuru tərəfindən həmin hesablar üzərinə həbs qoyulmaqla borcun ödənilməsinin təmin edilməsi istiqamətində zəruri icra tədbirlərini həyata keçirməmişdir. İcra sənədinin icrası istiqamətində borclu hüquqi şəxsə münasibətdə qanunvericlikdə nəzərdə tutulan bütün zəruri icra tədbirlərini tətbiq etmədən ən sərt tədbir olan –hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması qanunçuluq, ədalətlilik prinsipinin tələblərinə uyğun deyil. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs MMC tərəfindən bu halların mövcudluğu öz təsdiqini tapmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5015/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5015/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver