Məhkəmə qərarları › İş №3(008)-5022/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5022/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5022/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masallı rayonu, Tüklə ərazi dairəsi, Tüklə kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, YYM-vi nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-dən daxil olmuş 25 iyul 2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində vətəndaş Şəxs polis əməkdaşına tabesizlik göstərmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində əsassız olaraq evdə, məhəllədə mübahisə edərək səs-küy yaratmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 ərizəsi əsasında, polis kapitanı Ə.Əzimovun xx.xx.2024-cü il tarixli, 3/1-10833 nömrəli raport əsasında AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gələrək polis əməkdaşları ilə mübahisə etmişdir. Polis şöbəsində onun arvadına, arvadının ona qarşı çoxsaylı şikayətləri vardır. PŞ-nə gəldiyi gün arvadı tərəfindən ona xəsarət yetirildiyini bildirmişdir. PŞ-də polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. 14-cü PŞ-nin təhqiqatçısı Nizami Hüseynovun ünavanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa vətəndaş Şəxs yaşadığı evdə, məhəllədə də səs-küy salaraq digər insanları narahat etməklə birgə yaşayış qaydalarının tələblərini pozmuşdur. Ayşən Nurəliyevə xx.xx.2024-cü il tarixdə 102 xidmətinə zəng edərək Şəxs onu döyməsi barədə toplanmış material üzrə cinayət işi başlanma rədd edilərək Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, həyat yoldaşını döyməmişdir. Əksinə həyat yoldaşı şüşə qabla ona xəsarət yetirmişdir. O, qulağından xəsarət almışdır. O vəziyyətdə 14-cü PŞ-nə getmiş və şikayətini bildirmişdir. Bu zama polis əməkdaşı onun yaxasından tuturaq onu silkələmişdir. O, heç kimə tabesizlik göstərməmiş və təhqir etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RPİ-nin 14-cü PŞ-nin məsul növbətçisi, polis mayoru Habil Müseyibov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə X10 DİN-nin 102 Xidmətinə məlumat verərək bildirmişdir ki, oğlu Şəxs arvadı Ayşən tərəfindən döyülməsi, başına şüşə qabla vurması barədə məlumat vermişdir. Vtəndaşın verdiyi məlumat HK 1 N=1956 qeydə alınmış və əməliyyat qrupunun üzvləri təhqiqatçı, polis mayoru Nizam Hüseynov, sahə inspektoru polis mayoru Ceyhun Məmmədov və əməliyyat müvəkkili Elçin Əbilov hadisə yerinə çıxan zaman vətəndaş Şəxs PŞ-nə daxil olaraq yüksəs səslə ünavansız söyüşlər söyərək təhqiqatçı Nizami Hüseynovla mübahisə edərək şöbədən uzaqlaşaraq getmişdir. Vətəndaş Şəxs PŞ-ni tərk etdikdən sonra DİN-nin 102 Xidmətinə zəng edərək təhqiqatçı Nizami Hüseynovun ünvanına nalayiq ifadələr işlətmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00-da tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2024-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyatı üzrə əməkdaşa tapşırıq verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs 24 iyul 2024-cü il tarixdə polis əməkdaşları ilə mübahisə edərək əmrlərinə tabe olmadığından bəhs etsə də, tabesizliyin konkret olaraq hansı hərəkətlərdə ifadə olunduğu qeyd edilməmiş, bu barədə raportu tərtib etmiş polis əməkdaşlarının şahid qismində dindirilməsi üçün məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bundan başqa məhkəmə iclasında Şəxs polisə qarşı müqavimət göstərmədiyini bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2024-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyatı üzrə əməkdaşa tapşırıq verilmişdir. Həmin qərardan görünür ki, vətəndaş X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə kimi olan müddət ərzində məhkəmə tbbi müayinədən keçməmişdir. Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsi döymədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. . Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar