Məhkəmə qərarları › İş №3(008)-5027/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5027/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5027/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1990-cı ildə İsmayıllı rayonu, Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, evli, İsmayıllı rayonu, Hacıhətəmli kəndində qeydiyyatda olan, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 29 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində təyin edilməmiş yerdə tütün məmulatları istifadə etdiyi üçün ona yaxınlaşan polis əməkdaşlarına bölməyə getməməli olduğunu, protokolun yerində tərtib edilməli olduğunu deyərək polis əməkdaşının tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulduğunu və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabunçu vağzalın yaxınlığında açıq havada siqaret çəkən zaman PPX əməkdaşları ona yaxınlaşaraq orada tütün çəkməyin qadağan olduğunu bildirmişlər və barəsində protokol tərtib olunacağını demişlər. O, əgər qadağandırsa buna etiraz etməyərək onlara öz ad, soyadını demişdir. Lakin polis əməkdaşları onun qolundan tutaraq onu PŞ-nə aparmaq istədikdə o, etiraz edərək protoklun orada tərtib olunmasını demişdir. Əməkdaşlar onu 12-ci PŞ-nə gətirmişlər. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 29 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində təyin edilməmiş yerdə tütün məmulatları istifadə etdiyi üçün ona yaxınlaşan polis əməkdaşlarına bölməyə getməməli olduğunu, protokolun yerində tərtib edilməli olduğunu deyərək polis əməkdaşının tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli AZA 017057 nömrəli protokoldan görünür ki, Şəxs 28 iyul 2024-cü il tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12;40-da Dəmiryol yaxınlığında xidmətdə olan zaman 1 nəfər şəxsin hərəkətləri şübhəli olduğu üçün yaxınlaşıb özlərini təqdim etmiş və ad, soyadını soruşduqda onlara qeyri-səmimi cavablar vermiş, siqaret tütün məmulatlarından istifadə etdiyi üçün həmin şəxsi 12-ci PŞ-nə dəvət etmişlər, o, onlara tabesizlik etmişdir, onlar həmin şəxsi saxlayaraq 12-ci PŞ-nə gətirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun qadağan olunmuş yerdə tütün məmulatları çəkdiyi qeyd edilsə də, şəxsin qeyd olunan pozuntunu törətməsini təsdiq edən inzibati xəta haqqında protokol və ya inzibati tənbeh vermə haqqında qərar tərtib olunmamışdır. Bu isə polis əməkdaşlarının tələbinin qanuni olmasına şübhə doğurur. Bundan başqa raportda şəxsin Dəmir yol vağzalında deyil, vağzalın yaxınlığında saxlanıldığı qeyd edilmişdir. Şəxs da məhkəmə iclasında vağzalın yaxınlığında açıq havada siqaret çəkdiyini bildirmişdir. “Tütün məmulatlarının istifadəsinin” məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası Qanununun 10.1.15-ci maddəsinə əsasən hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində tütün çəkilməsinin qadağan olunduğu qeyd edilmişdir. Qanununun normasından da göründüyü kimi dəmir yol vağzalında tütün çəkilməsi qadağandır, vağzalın yaxınlığında açıq havada tütün çəkilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar