Məhkəmə qərarları › İş №3(008)-5038/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5038/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5038/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1988-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 06 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1382/2022 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə Şəxs 21 aprel 2022-ci il tarixdən başlayaraq, 19 aprel 2019-cu il təvəllüdlü X2 və 26 mart 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay uşaq üçün 175 manat olmaqla,ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi, 21 aprel 2022-ci il tarixdən başlayaraq, 26 mart 2021-ci il təvəllüdlü X6 3 yaşına qədər hər ay 50 manat məbləğində tutulub, X7 ödənilməsi qət edilmişdir. Lakin icra sənədi üzrə borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə hal-hazırda 2000 manat borcu yaranmış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru borclu Şəxs tələbin könüllü icrası barədə bildirişi bu gün, yəni 06 sentyabr 2022-ci il tarixdə qəbul etdiyini, icra şöbəsinə ilk dəfə bu gün axtarış nəticəsində gəldiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Hazırda rəsmi işləməsə də, taksi fəaliyyəti ilə məşğul olur. İcra tələbinin könüllü icrası barədə bildiriş də bu günə qədər ona təqdim edilməmişdir. Qətnamənin icraya yönəlməsindən bu gün xəbəri olmuşdur. Ona tələbin könüllü icrası barədə bildiriş də bu gün təqdim olunmuşdur. Hər hansı sənəd və ya çağırış almadığından bu günədək icra şöbəsinə yaxınlaşmamışdır. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 aliment bocunun ödənilmədiyini, bu günədək borclu tərəfindən hər hansı ödəniş edilmədiyini qeyd edərək Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1382/2022 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə Şəxs 21 aprel 2022-ci il tarixdən başlayaraq, 19 aprel 2019-cu il təvəllüdlü X2 və 26 mart 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay uşaq üçün 175 manat olmaqla,ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi, 21 aprel 2022-ci il tarixdən başlayaraq, 26 mart 2021-ci il təvəllüdlü X6 3 yaşına qədər hər ay 50 manat məbləğində tutulub, X7 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 06 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(007)-1382/2022 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası barədə” 06 may 2022-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş 06 sentyabr 2022-ci il tarixdə Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin 06 sentyabr 2022-ci il tarixədək Şəxs tərəfindən alınmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Tələbin könüllü icrası barədə bildirişdə olan imzadan, o cümlədən, barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsin özünün və icra məmurunun izahatlarından da görünür ki, tələbin könüllü icrası barədə bildiriş bu gün, yəni 06 sentyabr 2022-ci il tarixdə Şəxs təqdim olunmaqla o, ilk dəfə olaraq bu gün icra şöbəsinə gəlmişdir. Məhkəmə baxışı zamanı da Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığını bildirmiş, icra məmuru isə həmin halı təsdiq edərək Şəxs rəsmi icra sənədinin icraya yönəldilməsi barədə məlumat verilmədiyini, lakin onun məhkəmə qətnaməsindən xəbərinin olduğunu bildirmişdir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları ilə Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığı, bu günədək icra şöbəsinə çağırılaraq izahatlarının alınmaması, ona xəbərdarlıq məktublarının göndərilmədiyi öz təsdiqini tapmışdır ki, bu da Şəxs əməlində inzibati xəta tərkibinin olmasını istisna edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1382/2022 saylı saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən sadəcə 4 ay müddət keçmiş, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (borclunun icra şöbəsinə çağırılaraq izahatının alınması, ona xəbərdarlıqla edilməsi, icra sənədinin icra edilməsi üçün tələbin yönəldilməsinin mümkün olduğu əmlakının olub-olmamasının müəyyən edilməsi və.s), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bu günədək icra sənədindən, qətnamənin icraya yönəlməsindən xəbərinin olması iş materialları ilə müəyyən edilmədiyindən və belə olan halda onun tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar