Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5063/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Tovuz rayonu, Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, AR ƏN PX-in tağım komandiri işləyən, Tovuz rayonu, Girzan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-dən daxil olmuş 04 avqust 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 avqust 2025-ci il tarixdə, saat 12:17 radələrində “OPEL ASTRA” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hadisə günü o, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. YPX əməkdaşları onu saxlayaraq qayda pozuntusu törətdiyini bildirmişlər. O, isə heç bir qayda pozuntusu törətmədiyini bildirmişdir. Daha sonra ona alkotestri üfləməsini təklif etmişlər. O, dedikləri kimi etmiş, polis əməkdaşı ona sərxoş olduğunu bildirmişdir. O, isə sərxoş olmadığını, onu həkim müayinəsinə aparmalarını bildirmişdir. Polislər onu aldatmışlar və inadırmışlar ki, qeyd etsə ki, içki içib onu müayinəyə aparacaqlar. O, da onların dediyi kimi etmişdir. Lakin onu müayinəyə aparmamışlar. Əksinə avtomobilini cərimə meydançasına aparmışılar. Bundan sonra o, özü narkoloji mərkəzə yaxınlaşaraq tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsində ayıq olduğu müəyyən olunmuşdur. Bununla bağlı tərtib edilən rəyi də məhkəməyə təqdim etmişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-dən daxil olmuş 04 avqust 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 avqust 2025-ci il tarixdə, saat 12:17 radələrində “OPEL ASTRA” minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. 04 avqust 2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün tətbiq edilmiş xüsusi texniki vasitənin nəticəsini özündə əks etdirən sənədin surətindən görünür ki, 04 avqust 2025-ci il tarixdə, saat 12:15 radələrində Şəxs alkoqol sərxoşluğu vəziyyəti 0,650 % promill həddində olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində havanı müayinə edən cihaz vasitəsilə müayinə olunaraq ayıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 9790 nömrəli, 08 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində özü müraciət edərək sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan müayinədən keçmişdir. Müayinənin nəticəsi 0,00% təşkil edir, yəni ayıqdır. AC 728907 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdə xx.xx.2027-ci il tarixədək qüvvədə olan BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 333.1-ci maddə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd:1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, şəxsin eyni gündə hadisədən təxminən 3-4 saat sonra narkoloji mərkəz tərəfindən keçirilmiş müayinənin nəticəsində onda spirtli içki 0,00% təşkil edir, yəni ayıqdır, spirtli içki aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, eyni gündə 3 saat əvvəl alkoqolun miqdarı 0,650 qram olan şəxsin sonradan ayıq olması, spirtli içkinin 0,00 % promil təşkil etməsi, yəni ümumiyyətlə olmaması real və ağlabatan deyil. Nə qədər ki bunun əksinin mövcud ola biləcəyinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmayıb, şəxsdə sərxoşluğun aşkar olunmasını təsdiq edən yeganə sübut olan xüsusi texniki vasitənin göstəricisi 0,650% promilli isə şübhə doğurduğundan və təqsirsizlik prezumpsiyasına əsasən bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə şərh olunduğundan həmin hal şəxsin təqsirini təsdiq edən mötəbər sübut kimi qəbul edilə və şəxsin təqsirli bilinməsinin əsasını təşkil edə bilməz. Məhkəmə təqsirsizlik prezumpsiyasına əsaslanaraq qeyd edir ki, şəxsin İXM-in 333.1-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sübutlar məhkəməyə təqdim edilməməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs isə öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin təqsirini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan da görünür ki, həmin protokolu Şəxs imzalamaqdan imtina etmişdir. Bu onun həmin protokolla razı olmadığını göstərir. Həmin protokol xx.xx.2025-ci il tarixdə saat 12:17-də tərtib edilmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda “şəxsin bir daha spirtli içki qəbul edib, maşın sürməyəcəyinə və həkimə ehtiyac olmayacağına dair” qeyd yazılmışdır. Həmin protokol isə xx.xx.2025-ci il tarixdə saat 12:16-da tərtib edilmişdir. Necə olur ki, şəxs spirtli içki qəbul etməsini qeyd etdikdən sonra, barəsində spritli içki qəbul edilməsinə dair tərtib edilmiş protokolla razılaşmayaraq onu imzalamaqdan imtina edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onu spirtli içki qəbul etməsini yazacağı halda həkimə aparacaqlarına inandırdıqları üçün o, həmin qeydi yazmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin qeydin hansı şəraitdə yazıldığı məlum olmadığı üçün həmin protokol şəxsin təqsirini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi sübuta yetirilmədiyindən Şəxs barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5063/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5063/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver