Məhkəmə qərarları › İş №3(008)-5071/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5071/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5071/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Chevrolet Cobalt” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində sola dönərkən, yolayrıcının keçilmə qaydasını pozub, sola dönərkən qarşıdan hərəkət edən “Kia Rio” markalı, **-ZU-*** d.q.n avtomobili vuraraq toqquşmuş, zərbənin təsirindən “Kia Rio” markalı avtomobil idarəetməni itirib yolayrıcında dayanmış vəziyyətdə olan “Kia Forte” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə piyada “Kia Rio” markalı avtomobilin sürücüsü az ağır, “Kia Forte” markalı avtomobilin sürücüsü isə yüngül bədən xəsarəti almışdır. Protokolun TŞ-nin HK-394 saylı material əsasında tərtib olunduğu qeyd edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati xəta haqqında protokolda inzibati xəta nəticəsində X2 az ağır bədən xəsarəti alması, X3 isə yüngül bədən xəsarəti alması qeyd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda isə yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 az ağır zərər vurulmasının AR CM-nin 263.1-ci maddəsinin tərkibini yaratdığını qeyd edərək zərərçəkmiş şəxslə barışıq əldə olunmasını nəzərə alaraq AR CMnin 73-cü maddəsini, AR CPM-nin 40.3-cü maddəsinin tələblərini tətbiq etməklə Şəxs cinayət məsuliyyətindən azad olunmuş və barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla belə inzibati xəta haqqında iş üzrə icraatın başlamasını təsdiq edən inziabti xəta haqqında protokolda baş vermiş inzibati xəta hadisəsi nəticəsində X4 zərərçəkmiş şəxs olaraq qeyd edilmişdir. Halbuki İXM-nin 327.8-ci maddəsi həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda müstəntiq Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğunu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olduğu qeyd edilmişdir. Lakin bununla bağlı məhkəmə-texniki ekspertizasının rəyi əldə edilməmişdir. İş materiallardan zəncirvari yol nəqliyyat hadisəsinin baç verməsi müəyyən olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, Şəxs Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində sola dönərkən qarşıdan hərəkət edən “Kia Rio” markalı, **-ZU-*** d.q.n avtomobili vuraraq toqquşmuş, həmin avtomobil də yolayrıcında dayanmış vəziyyətdə olan “Kia Forte” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Şəxs və “Kia Rio” markalı, **-ZU-*** d.q.n avtomobili idarə edən X2 yol hərəkəti qaydalarını pozubpozmaması, hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmaması, pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması kimi halları müəyyən etmək üçün məhkəmə yol nəqliyyat ekspertizası təyin edilməmiş və rəy əldə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələlərini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar