Məhkəmə qərarları › İş №3(008)-5081/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5081/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5081/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Familə Məmməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi və direktoru X3, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 491.1, 491.3 və 492.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 47ACT823/47ACL600 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********8719 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “alüminum profil pres”, **********8725 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “istixanalar üçün yığma tikinti konstruksiyaları” və **********8729 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “istixanalar üçün tərkibində 85% və ya daha çox sintetik saplar olan digər parçalar” adlı yüklər “İpək Yolu” gömrük postunu gömrük təminatı altında tərk etmiş, lakin gömrük nəzarəti olmadan sahibkarın öz anbarında boşaldılması həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, anbara keçirilən baxış zamanı **********8719 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların hamısının anbarda olduğu, **********8725 sorğu nömrəli g/b üzrə bəyan olunmuş “istixanalar üçün yığma tikinti konstruksiyaları” yükünün 4 yer 2280 kq bəyan edildiyi halda, 3 yer 1710 kq anbarda olduğu və **********8729 sorğu nömrəli g/b üzrə bəyan edilən “istixanalar üçün tərkibində 85% və ya daha çox sintetik saplar olan digər parçalar” adlı yükün 100 yer 40000 m2 olduğu halda 94 yer 37.600 m2 hissəsinin anbarda olduğu müəyyən edilmişdir. **********8725 sorğu nömrəli g/b üzrə bəyan olunmuş “istixanalar üçün yığma tikinti konstruksiyaları” yükünün 4 yer 2280 kq hissəsinin ümumi gömrük dəyəri 4166,5 manat olduğundan anbarda olmayan hissənin ümumi gömrük dəyəri 1041,7 manat, **********8729 sorğu nömrəli g/b üzrə bəyan edilən “istixanalar üçün tərkibində 85% və ya daha çox sintetik saplar olan digər parçalar” adlı yükünün 100 yer 40000 m2 hissəsinin ümumi gömrük dəyəri 34639.2 manat olduğundan anbarda olmayan hissəsinin ümumi gömrük dəyəri 2076 manat təşkil edir. Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 47ACT823/47ACL600 nömrəli nəqliyyat vasitəsi ilə gətirilən və gömrük nəzarəti olmadan nəqliyyat vasitəsindən boşaldılan və keçirilən baxış zamanı yerində olmayan malların ümumi gömrük dəyəri 3119,7 manat təşkil edir. Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə, 00100-01886/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi və direktoru X4 bildirmişdir ki, təsis etdiyi şirkət yeni yaradılmışdır. Gömrük təminatı altında olan mallar tərəflərindən anbarda gömrük nəzarəti olmadan boşaldılmış və bir hissəsi satılmışdır. Onlara istinad olunan inzibati xətanın qanun pozuntusu olmasından və məsuliyyətə səbəb ola biləcəyindən məlumatları olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “İpək Yolu” gömrük postunun böyük inspektoru X1, Şəxs MMC-nin direktoru X3 və şirkətin anbardarı X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Türkiyə Respublikasından 47ACT823/47ACL600 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********8719, **********8725 və **********8729 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklər gömrük nəzarətindən kənar boşaldılmışlar. Şəxs MMC-nin anbarına keçirilən baxış zamanı **********8719 sorğu nömrəli g/b üzrə bəyan olunan 7 yer 175 kq “Alüminum profil pres”, **********8725 sorğu nömrəli g/b üzrə 4 yer 2280 kq, “istixanalar üçün yığma tikinti konstruksiyaları” bəyan olunduğu halda, 3 yer 1710 kq olduğu və **********8729 sorğu nömrəli g/b üzrə 100 yer, 40000 m2 “istixanalar üçün tərkibində 85% və ya daha çox sintetik saplar olan digər parçalar” bəyan olunduğu halda 94 yer 37.600 m2 olduğu aşkar edilmişdir. - Dövlət Gömrük Komitəsi “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışdan görünür ki, 47ACT823/47ACL600 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş və avtomaşının təyinatı “İpək Yolu” gömrük postuna verilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.24-cü maddəsinə əsasən gömrük təminatı– gömrük nəzarəti və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələridir. Həmin Məcəllənin 205.1-ci maddəsinə əsasən gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük orqanlarının vəzifəli şəxslərindən bağlamalara bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatının gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin bağlamada olmasını; gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunduğunu izah edən bildirişin əlavə edilməsi tələb olunur. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə- inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1, 491.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1, 491.1 və 491.3-cü maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 491.1, 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin, yəni 3119,7 manat məbləğində vəsaitin otuz faizi məbləğində, yəni 935,91 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar