Məhkəmə qərarları › İş №3(008)-5102/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5102/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5102/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Balaxanı-Mehdiabad yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində hərkətdə olarkən, düzgün ötmə əməliyyatı aparmayıb, qarşı yola çıxmaqla manevr qaydasını pozub, idarəetməni itirərək yolun tam olaraq sol kənar hissəsinə çıxıb, dəmir dirəyə çırpılmışdır. Nəticədə avtomobilə maddi zərər yetirilmiş və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində qeyd olunan avtomobil ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Mehdiabad yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində 60-70 km saat sürətlə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkətdə olan avtomobili ötmə əməliyyatını etmək üçün düz qırıq-qırıq xəttin üzərindən qarşı əks yola çıxaraq ötmə əməliyyatını etmişdir. Qarşı əks yolda ötmə əməliyyatını edərkən anidən qarşı əks yolda ağır yük maşının olmasını görərək hadisənin qarşısını almaq üçün sükanı sola, yəni qarşı əks yolun ehtiyyat torpaqlıq sahəsinə doğru istiqamətləndirdikdə idarəetməni itirib hərkətdə olduğu yolun sol hissəsində dərəyə boşluq əraziyə düşüb idarə etdiyi avtomobilin ön hissəsi dəmir boruya dəyib dayanmışdır. Hadisə zamanı avtomobildə qabaq oturacaqda əyləşmiş dayısı oğlu Zərərçəkmiş şəxs2, arxa oturacaqda əmisi oğlu Zərərçəkmiş şəxs1,və bibisi oğlu X2 müxtəlif dərəcəli xəsarətlər almışdırlar. Onlar aldığı xəsarətlə bağlı TTYS-nin vasitəsi ilə 3 Saylı ŞKX-na gedərək müayinə olunmuşdurlar. Zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxslərə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli 1866 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sol baldır nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli 1864 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 alın, sağ gözün üst qapağının əzilmiş yaraları; alın, sağ almacıq və burun nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3 29 avqust 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, dəymiş ziyan onlara ödənilmiş, Şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1), inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması(İXM-32.1.7) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar