Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5104/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Azərbaycan Dövlət Su X2 Suların İstifadəsində və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-in 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Dövlət Su X2 Suların İstifadəsində və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X2 Suların İstifadəsində və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 264.0.3-cü maddəsi ilə 19 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 19 avqust 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən 25 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində “Caspi” istirahət Mərkəzində Xəzər dənizinin su mühafizə zonasının zəbt olunması faktı aşkar edilmişdir. İclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X2 Suların İstifadəsində və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək faktın təsdiq olunmasını işdə olan akt və foto görüntülərlə sübuta yetirilməsini təsdiq edərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 avqust 2025-ci il tarixli, 000267 saylı aktdan görünür ki, 25 iyul 2025-ci il tarixdə keçirilmiş yoxlama tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində “Caspi” istirahət Mərkəzində sahil mühafizə zonasında müvafiq icazə alınmadan dənizdən 30 metr məsafədə dənizin mühafizə zonası zəbt olunaraq heç bir hüquqmüəyyənedici sənəd olmadan kölgəliklər tikilərək və heç bir hüquqmüəyyənedici sənəd olmadan fəaliyyət göstərildiyi müəyyən olunmuşdur. Foto görüntülər Akta əlavə edilmişdir. İnzibati xəta haqqında 19 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 25 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində “Caspi” istirahət Mərkəzində Xəzər dənizinin mühafizə zonasının zəbt olunmuşdur. 25 iyul 2025-ci il tarixli 022 saylı monitorinq aktından görünür ki, Xəzər dənizinin Sabunçu rayonu Pirşağı qəsəbəsi”Qızıl qum” sanatoriyası çimərliyinə düşən hissəsində monitorinq nəzarət tədbirləri həyata keçirilmiş, dənizin mühafizə zonasında dənizdən 30 metr məsafədə dənizin mühafizə zonası zəbt edilmiş, kölgəliklər tikildiyi müəyyən olunmuşdur. “Caspi” adı altında heç bir hüquq müəyyənedici sənədə olmadan fəaliyyət göstərən ictimai-iaşə obyektinin sahibi Şəxs obyektin istifadəsi və mülkiyyət hüququ ilə bağlı sənədləri təqdim edə bilməmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 avqust 2025-ci il tarixli, 5-18-7/2-54/2025 saylı məktubundan görünür ki, Xəzər dənizinin mühafizə zolağının tələbləri pozularaq qeyri-qanuni restoran fəaliyyəti götərdikləri müəyyən olunmuşdur: 6.Şəxs-“Caspi” restoranı. Qeyd edilən vətəndaşların mövcud fəaliyyətini təsdiq edən hər hansı bir icazə sənədi olmadığından onlara fəaliyyətlərinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın aparılması və inzibati araşdırma aparılması haqqında xx.xx.2025-ci il tarixdə İXM-in 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında icraatın başlanılması və inzibati araşdırılmanın aparılması barədə qərardad qəbul edilmişdir. İnzibati araşdırma aparılması barədə Şəxs xx.xx.2025-ci il tarixdə məlumat verilmişdir. Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə 022 saylı xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Şəxs faktla bağlı izahat verməkdən, inzibati icraatda iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 9-cu maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir. 40-cı maddə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. 103-cü maddə Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 82-ci maddə su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 83-cü maddə Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli Qərarı:
2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.
6. Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar və səlahiyyətli orqanın nümayəndəsinin izahatı, Akt və foto ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, tərtib edilmiş Akt və foto şəkillərlə pozuntunun olması müəyyən edilir, Şəxs heç bir icazə alınmadan sahil mühafizə zonasını zəbt etməklə orda kölgəliklər tikilərək fəaliyyət göstərildiyi müəyyən olunmuşdur. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 264.0.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10(on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya qaydasında şikayət verilə bilər.
Hakim Teymur Həsənov