Məhkəmə qərarları › İş №3(008)-5110/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5110/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5110/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi ilə, qərardan şikayət verən şəxs X6 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində bağlanmış əmək müqviləsinə əsasən öz əmək funksiyalarını yerinə yetirən küçə süpürgəçisinin guya işəgötürən tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə onun barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən MN ******* nömrəli inzibati protokol tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə DƏMX-nin Bakı şəhər idarəsində Azərbaycan Respublikası İXMnin 199-cu maddəsinə əsasən 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə MN1613335 nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məlumat üçün bildirir ki, bu prosesin davamı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən vəzifəli şəxsin – yəni onun yenidən Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsinə əsasən 1800 (min səkkiz yüz) manat cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən guya Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində bağlanmış Əmək müqaviləsinə əsasən öz əmək funksiyalarını yerinə yetirən küçə süpürgəçisi ilə bağlı baş vermiş baş vermiş bədbəxt hadisə barədə DƏMX-nin Bakı şəhər İdarəsinə qanunla müəyyən olunmuş müddətdə məlumatın verilməməsi və araşdırma başa çatdıqdan sonra müvafiq aktın təqdim edilməməsinə görə inzibati protokol tərtib olunmuş və nəticədə onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən 1800(min səkkiz yüz) manat olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Halbuki Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində əmək müqaviləsi ilə çalışan hər bir işçi ilə bağlı öz əmək funksiyasını yerinə yetirərkən baş vermiş bədbəxt hadisə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə məlumat verilmişdir. Ona görə də barəsində qəbul olunmuş qərarı əsassız qanunsuz hesab edir. Belə ki, DƏMX-nin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən "İstehsalatda bədbəxt hadisə haqqında" akt tərtib olunarkən qərəzli şəkildə və birtərəfli təhqiqat aparıldığı üçün həmin akta imza etməkdən imtina edərək DƏMX-nin Bakı şəhər İdarəsinə işin təkrar təhqiqata qaytarılması barədə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Lakin, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən heç bir reaksiya verilmədən qanunların onlar tərəfindən kobud surətdə pozulması ilə qərəzli qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən 1800 (min səkkiz yüz) manat olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Belə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinin tərkibini yaradan inzibati xəta yoxdur. Tərtib olunmuş protokolun heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3 maddəsinə əsasən MN ******* nömrəli İnzibati xəta haqqında protokolu və xx.xx.2024-cü il tarixli inzibati cərimə növü tətbiq edilməsi barədə MN1613554 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən şəxs X8 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinin tərkibini yaradan inzibati xəta yoxdur. Tərtib olunmuş protokolun heç bir hüquqi əsası yoxdur. Bununla əlaqədar şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə müvafiq qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə - min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin rəisi X8 tərəfindən X4 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı aparılan araşdırmanın nəticəsi barədə müvafiq aktı tərtib etməkdən boyun qaçırmışdır və nəticədə X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibai tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin rəisi X8 tərəfindən X4 xx.xx.2024cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı aparılan araşdırmanın nəticəsi barədə müvafiq aktı tərtib etməkdən boyun qaçırmışdır. Nəticədə X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında №1/2024 saylı aktdan görünür ki, həmin akt özündə bədbəxt hadisənin təfsilatını, bədbəxt hadisənin səbəblərini, “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin Sabunçu Rayon Kommunal Təsərrüfat İdarəsinin briqadiri X2 izahatını, hadisə nəticəsində zərərçəkmiş şəxs X5 aşkar olunmuş xəsarətləri, hadisə ilə bağlı Sabunçu RPİnin İş-də araşdırma aparılmasına dair məlumatları əks etdirir. X1 xəsarəti ilə bağlı Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayev tərəfindən xx.xx.2024-cü il tarixli İstehsalatda Bədbəxt hadisə haqqında 1/2024 nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməli və iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının 1.2-ci maddəsinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində baş verdikdə. Həmin qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada İZ formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, onun barəsində ondan ötrü İXM-in 555.3- cü maddəsi ilə protokol tərtib edilmişdir ki, o, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırmışdır. Lakin aparılmış məhkəmə araşdırılması vaxtı müəyyən olunmuşdur ki, Anar Qalayev tərəfindən tərtib olunmuş müvafiq akt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin tələb etdiyi məzmunda tərtib olunmamışdır. Qeyd olunan maddənin dispozisiyasından məlum olur ki, həmin maddə üzrə məsuliyyət müvafiq aktın tərtib olunmasından imtina olunduqda yaranır, aktın məzmununun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin tələb etdiyi formada tərtib olunmamasına görə isə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarında Azərbaycana Respublikası İnzibati Xətalar Məcəlləsinin məhz 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, inzibati xəta haqqında protokol müstəqil hüquqi nəticə yaratmadığından şikayətin inzibati xəta haqqında protokolun ləğv edilməsi hissəsində baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Sabunçu Rayon l Kommunal Təsərrüfat Birliyi”nin rəisi X8 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayətin inzibati xəta haqqında protokolun ləğv edilməsi hissəsində baxılmasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar