Məhkəmə qərarları › İş №3(008)-5127/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5127/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5127/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icraatın başlanması barədə məlumat verilməmiş, onun icraatda iştirakı təmin edilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmişdir. İnzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Dövlət orqanının inzibati xəta haqqında protokol tərtib edərək inzibati xətanı törətməsini iddia etdiyi şəxsin iştirakını təmin etmədən, inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının onun üçün müəyyən mənfi nəticələrin əmələ gəlməsi ehtimalını nəzərə almayaraq onun hüquqlarını təmin edəcək zəruri davranışları görmədən (izahatının alınmaması, hüquq və vəzifələrinin izah olunmaması, iş materialları ilə tanış edilməməsi, və.s) inzibati xəta haqqında materialı məhkəməyə göndərməsi qanunvericiliyin tələblərinə zidd olmaqla məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmasını istisna edir. Bununla da, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, inzibati xəta haqqında iş üzrə icraat isə qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs tərəfindən çirkab suların təyinatsız olaraq ətraf ərazilərə axıdılması qeyd edilməsinə baxmayaraq bunu təsdiq edən sübutlar materiala əlavə olunmamışdır. Habelə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 27 iyul 2024-cü il tarixli, 85931 nömrəli akta əsasən Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində mərkəzləşmiş kanalizasiya olmadığından fərdi yaşayış evlərində formalaşan çirkab suların həyətlərdə qazılan şambolara toplandığı və vaxtaşırı xüsusi təyinatlı çirkab su maşınları ilə daşındığının müşahidə edildiyi, bəzi evlərdə formalaşan çirkab suların isə ətraf ərazilərə və yaxınlıqdakı gölə axıdıldığı, araşdırma müddəti ərzində həmin evin sahibinin Şəxs olduğunun müəyyən edildiyi qeyd edilmişdir. Aktdan da görünür ki, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində kanalizasiya sistemi olmadığından fərdi yaşayış evlərinin həyətlərində yeraltı quyular qazılır, yəni bu kütləvi hal almışdır. Məhz həmin şəxsin evində formalaşan çirkab suların ətraf ərazilərə və ya gölə axıdılmasına, ümumiyyətlə həmin şəxs tərəfindən çirkab suların ətraf ərazilərə axıdılmasına dair sübut təqdim edilməmişdir. Ümumiyyətlə aktda 27 iyul 2024-cü il tarixdə yerində müşahidə aparıldığı qeyd edilmiş, inzibati xəta haqqında protokolda 27 iyul 2024-cü il tarixdə tərtib olunmuşdur. Hansı aralıqlı araşdırma müddəti ərzində Şəxs tərəfindən ona məxsus evdə formalaşan çırkab suların axıdılmasının müəyyən edildiyi aydın deyil və qısa bir müddətdə bunun müəyyən edilməsi ağlabatan da deyil. Şəxs inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən keçirilən araşdırmada iştirakı təmin edilməmiş, bunun səbəbləri də qeyd edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar