Məhkəmə qərarları › İş №3(008)-5140/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5140/2025

23.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5140/2025 23.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (AZE ********, FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 23 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 21 avqust 2025-ci il tarixdə Nardaran qəsəbəsində narkotik maddədən istifadə etməkdə şübhəli kimi gətirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə narkotik vasitə istifadə etməkdə şübhəli şəxs kimi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Rəy də bunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, üç-dörd gün əvvəl marixuanadan istifadə etmişdir. Hadisə baş verən gün, günorta saatlarında bağdan gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmış və gözləri qızardığı üçün ondan şübhələnmişlər. Özü epilepsiya xəstəsidir və əlildir. Polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmış və daha sonra narkolojidə analiz vermişdir. Narkotikdən il yarım olar ki, marixuanadan istifadə edir. Özünü törətdiyi əməldə təqsirli bilir, peşmandır, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan rəy və özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən daxil olmuş MN ******* nömrəli, 23 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 21 avqust 2025-ci il tarixdə Nardaran qəsəbəsində narkotik maddədən istifadə etməkdə şübhəli kimi gətirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 017327 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 5173 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şəxs sidiyində THC(+) aşkar edilmişdir. Şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini, peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, həkim rəyi ilə təsdiq edilmiş əlilliyini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar