Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5142/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, X6 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər X19 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X19 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ Polis X3 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, o xx.xx.2025-ci il tarixdə, saat 00:06-da Bakı şəhəri, Sabunçu royanu, Böyükşor ərazisində MERCEDES BENZ E220 CDİ minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. O, xx.xx.2025-ci il tarixdə, saat 00:06-da MERCEDES BENZ E220 CDİ minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanacaq doldurma məntəqəsindən yola çıxmaq istəyən zaman DYPİ-nin əməkdaşı ona saxla əmri verdi və o da DYP əməkdaşının əmrinə tabe olaraq, avtomobilini saxladı. Saxlanılmağının səbəbini soruşmuşdur. Polis inspektoru alkotestrdən keçməyini tələb etmişdir. O da öz növbəsində qanuna riayət edərək inspektorun tələbini yerinə yetirmiş və nəticədə onun alkoqollu içki qəbul etdiyi bildirilmişdir. O, da buna etiraz edərək spirtli içki qəbul etmədiyini və sərxoş olmadığını bildirmişdir. Sonra o, dərhal Respublika Narkoloji Mərkəzinə getmiş və sərxoşluğunun yoxlanılmasını xahiş etmişdir. Saat 02:20-də müayinə olunmuş və müayinənin nəticəsinə əsasən onun sərxoş olmadığı təsdiqlənmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, barəsində protokol tərtib etməzdən əvvəl DYP əməkdaşları onu Sabunçu rayon DYPŞ-nə dəvət edib, orada protokol tərtib etmişlər. DYPİ əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntuları aşağıdakılardır. X18 İnspektorlarının özlərini təqdim etməmələri, heç bir əsas olmadan nəqliyyat vasitəsini saxlatdırıb, alkotestrdən keçməyini tələb etmələri. Onun 400 manat məbləğində cərimə olunmağı haqqında Bakı şəhər DYPİ Polis X5 tərəfindən qəbul edilmiş xx.xx.2025- ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, yol polisi xx.xx.2025-ci il tarixdə onu heç bir qayda pozuntusu etmədiyi halda saxlamışdır. Əgər qayda pzomuşdursa bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etsinlər. Daha sonra ona alkotestr müayinəsinə cəlb etmişlər.Müayinənin nəticəsində guya onun sərxoş olduğunu bildirmişlər. O, isə sərxoş olmadığını bildirmişdir. Onun bir dəfə polislə mübahisəsi olmuş və onu döymüşlər. Bu dəfə də polislər onunla elə kobud rəftar etmişlər ki, o, qorxduğu üçün maşının cərimə meydançasına aparılmasına, onun barəsində protokol tərtib olunmasına etiraz etməmişdir. Lakin daha sonra o, narkoloji mərkəzə yaxınlaşmış və müayinə olunmuşdur. Müayinənin nəticəsində ayıq olduğu müəyyən olunmuşdur. Daha sonra o, həmin sənədi cərimə meyançasına apararaq maşının çıxarılmasını tələb etmişdir. Ona məhkəməyə müarciət etməli olduğunu bildirmişlər. Göstərilənlərə əsasən məhkəmədən Bakı şəhər X19 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə saat 00:06-da Bakı şəhəri Sabunçu rayonu, Böyük Şor ərazisində “Mercedes Benz E220 CDİ” minik markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 331.1, 333-1.1, 342.7, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə. Nəqliyyat vasitəsini idarə etmık hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. X4 tərəfindən 327.7, 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və buna görə barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə saat 02:20-də havanı müayinə edən cihaz vasitəsilə müayinə olunaraq ayıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 9791 nömrəli, 08 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X9 yalnız 1 dəfə xx.xx.2025-ci il tarixdə saat 02:20 radələrində özü müraciət edərək sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan müayinədən keçmişdir. Müayinənin nəticəsi 0,000% təşkil edir, yəni ayıqdır. 20 avqust 2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün tətbiq edilmiş xüsusi texniki vasitənin nəticəsini özündə əks etdirən sənədin surətindən görünür ki, 20 avqust 2025-ci il tarixdə, saat 00:02-də X8 alkoqol sərxoşluğu vəziyyəti 0,645 % promill həddində olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd:1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, şəxsin eyni gündə hadisədən təxminən 2 saat sonra narkoloji mərkəz tərəfindən keçirilmiş müayinənin nəticəsində onda spirtli içki 0,00% təşkil edir, yəni ayıqdır, spirtli içki aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, eyni gündə 2 saat əvvəl alkoqolun miqdarı 0,645 qram olan şəxsin sonradan ayıq olması, spirtli içkinin 0,00 % promil təşkil etməsi, yəni ümumiyyətlə olmaması real və ağlabatan deyil. Nə qədər ki bunun əksinin mövcud ola biləcəyinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmayıb, şəxsdə sərxoşluğun aşkar olunmasını təsdiq edən yeganə sübut olan xüsusi texniki vasitənin göstəricisi 0,645% promilli isə şübhə doğurduğundan və təqsirsizlik prezumpsiyasına əsasən bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə şərh olunduğundan həmin hal şəxsin təqsirini təsdiq edən mötəbər sübut kimi qəbul edilə və şəxsin təqsirli bilinməsinin əsasını təşkil edə bilməz. Məhkəmə təqsirsizlik prezumpsiyasına əsaslanaraq qeyd edir ki, şəxsin İXM-in 333.1-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sübutlar məhkəməyə təqdim edilməməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs isə öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin təqsirini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Məhkəmə tərəfləri dinləyib, hesab edir ki, iş materiallarında olan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 barəsində Bakı şəhər X19 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 AR İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər X19 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-5142/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5142/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver