Məhkəmə qərarları › İş №3(008)-5149/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5149/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5149/2022 15.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ DYPŞ-in YNH üzrə inspektor polis leytenantı X1, müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X7, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, 23 noyabr 1990-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş 15 sentyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 13:40 radələrində idarə etdiyi “Hyindai H1” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində hərəkətdə olarkən düzgün ötmə əməliyyatı aparmayıb qarşı yola çıxaraq köməkçi yoldan öz yoluna çıxmaq istəyən “Mercedes Benz E 280” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, digər avtomobilin sürücüsü X6 yüngül bədən xəsarəti almış,sürücü avtomobili sürücülük hüququ olmadan idarə etmişdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ DYPŞ-in YNH üzrə inspektor polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2 aydır ki, Azərbaycan Respublikası ərazisinə gəlmişdir. Onun Gürcüstan Respublikasında aldığı sürücülük vəsiqəsinin müddəti hələ bitməmiş və həmin vəsiqə etibarlıdır. O, Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsini idarə etmək üçün yeni sürücülük vəsiqəsi almalı olmasını bilməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 Şəxs sürücülük hüququnun olduğunu, əməlində AR İXM-nin 332.4-cü maddəsinin tərkibinin olmadığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 sentyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 13:40 radələrində idarə etdiyi “Hyindai H1” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində hərəkətdə olarkən düzgün ötmə əməliyyatı aparmayıb qarşı yola çıxaraq köməkçi yoldan öz yoluna çıxmaq istəyən “Mercedes Benz E 280” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, digər avtomobilin sürücüsü X6 yüngül bədən xəsarəti almış,sürücü avtomobili sürücülük hüququ olmadan idarə etmişdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxsi AR İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 19 iyul 2022-ci il tarixli, 1/3733 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs hadisə vaxtı ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X12 tərəfindən verilmiş 1612 saylı, 22 iyul 2022-ci il tarixli rəydən görünür ki, X4 baş beyin silkələnməsi, ənsə nahiyyəsinin və döş qəfəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, xəsarətlərin törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 19 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Şəxs sürücülük vəsiqəsinin surətindən görünür ki, onun sürücülük vəqisəsi etibarlı olmaqla müddəti başa çatmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, Şəxs əməlində AR İXM-nin 332.4-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almamış və müvəqqəti Azərbaycan Respublikasında olan əcnəbi şəxs Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Lakin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, təhqiqatçı həmin qərarda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun hazırki iş üzrə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi mümkün olmayan normasına (Sözügedən qanunun 35-1-ci maddəsinin 1-ci hissəsi) istinad edərək Şəxs sürücülük hüququnun olmaması qənaətinə gəlmişdir. Halbuki, təhqiqatçının istinad etdiyi həmin norma əcnəbi və ya vətəndaşlığı olmayan şəxlərin deyil, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikası ərazisində həmin sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququnu və onun müddətini tənzimləyir. Göründüyü kimi, təhqiqatçı tətbiq edilməli olan qanun normasını düzgün seçməmiş, əsassız olaraq Şəxsin sürücülük hüququnun olmaması qənaətinə gəlmişdir. Məhkəmə Şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almasına dair hər hansı sübutun iş materiallarına əlavə edilmədiyini, özünün də bildirdiyinə əsasən onun belə bir icazəsinin olmadığını, bununla da hazırki vəziyyətdə onun Azərbaycan Respublikası ərazisində müvəqqəti olan şəxs statusunda olduğunu, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin statusa malik şəxslərin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malik olduqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olmuşdur. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsi, həmin yol-nəqliyyat hadisəsində Şəxs təqsirli olması və hadisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi işin mübahisəsiz halları olsa da, AR İXM-də əməlin AR İXM-nin bir maddəsindən digər maddəsinə tövsif edilməsi və məhkəmənin şəxsi yeni maddə ilə təqsirli bilmək səlahiyyəti olmadığından hazırki halda isə Şəxs əməlində AR İXM-nin 332.4-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində AR İXM-nin 332.4-cü maddəsinin tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar