Məhkəmə qərarları › İş №3(008)-5149/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5149/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5149/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/Y-nın, 1472K ünvanda eydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Khazar LX MİNİK» markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2025-ci il tarixdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış və tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən içkili olmamışdır. Buna baxmayaraq polis əməkdaşlarının iştirakı ilə həkimdən yoxlamadan keçmişlər. Yoxlama zamanı o bir neçə dəfə xüsusi texniki vasitədən istifadə edərək hava üfürsə də, lakin buna baxmayaraq demişlər ki, yetərli deyildir. Həmin zaman sərxoş vəziyyətdə olmamış, ordan çıxandan sonra özü gedib sərxoşluq müayinəsindən keçmiş, ayıq olduğu qeyd edilmişdir. Ona verilmiş suallara cavabında qeyd etmişdir ki, ona xüsusi texniki vasitəyə hava üfürməsi təklif edilmiş, lakin buna baxmayaraq yetərli olmamışdır. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Khazar LX MİNİK» markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2025-ci il tarixdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış və tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2025-ci il tarixli 2/1907 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs tibbi müayinədən imtina etmişdir; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə xx.xx.2025-ci il tarixli 04:25-də tərtib edilmiş 1/8120 saylı protokoldan görünür ki, Şəxs ayıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı akt və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, hadisənin görüntüsünü özündə əks etdirən videogörüntüdən aşkar olunur ki, Şəxs tibbi müayinə zamanı dəfələrlə həkim tərəfindən xüsusi texniki vasitəyə üfürülməsi təklif edilsə də, buna əməl etməyərək qısa üfürmələr etmiş, ona əgər üfürmədiyi halda imtina barədə xəbərdarlıq edilsə də, yenidən sərxoşluğun müəyyən edilməsi üçün bir neçə dəfə xüsusi texniki vasitəyə üfürməmişdir. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə xx.xx.2025-ci il tarixli 1/8120 saylı protokola münasibətdə qeyd edir ki, o müayinədən saat 04:25-də keçmiş, inzibati xəta pozuntusu isə 01:13-də müəyyən edilmişdir. Göründüyü kimi Şəxs tərəfindən təqdim edilmiş Protokolla tərtib edilmiş protokol arasında təxminən 3 saat 12 dəqiqə fərqin olması, həmin müddətdə spirtli içkinin bədəndən çıxma ehtimalının olması ehtimalına əsas verir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki inzibati xəta pozuntusu Şəxs tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsi ilə bağlıdır. Əgər şəxs sərxoş vəziyyətdə deyildirsə, həkim tərəfindən ona göstərilən qaydada tibbi müayinədən keçməli idi. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar