Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-517/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 24 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Dimitrov küçəsində qonşuluğunda yaşayan X3 döyməklə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 24 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Dimitrov küçəsində qonşuluğunda yaşayan X3 döyən zaman köynəyini cıraraq ona 30 manat maddi ziyan vurmuş və bununla da AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X6 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə təqsirli hesab etməyərək göstərmişdir ki, o, ümumiyyətlə zərərçəkmiş şəxs X3 döyməmişdir. O, birinci Qarabağ Müharibəsi iştirakçısı olduğundan əsəbləri yerində deyil. Zərərçəkmiş şəxs və onun ailəsi isə öz hərəkətləri ilə daim onu qıcıqlandırırlar. Hadisə günü zərərçəkmiş şəxs yenidən onu qıcıqlandıran hərəkətlər etdiyindən o, zərərçəkmiş şəxsin yaxasından tutaraq onu itələmiş və ondan əl çəkmələrini bildirmiş, lakin onu vurmamışdır. Bu səbəbdən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin konkret hansı hərəkətləri ilə qıcıqlandırmasını demək istmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157 cə 232-1-ci maddələrinin tərkibi ya barəsində İnzibati Xətrandığından onun barəsində inzibati tədbir görülməsi üçün materialın aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi” X9 canlı şəxsin ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 2972 saylı rəyindən görünür ki, X1 boyun və sol almacıq nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 26 dekabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında 24 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Dimitrov küçəsində qonşuluğunda yaşayan X3 döyməklə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 24 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Dimitrov küçəsində qonşuluğunda yaşayan X3 döyən zaman köynəyini cıraraq ona 30 manat maddi ziyan vurmuş və bununla da AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək Şəxs əməlində AR İXM-nin 232-1-ci maddəsinin tərkibinin olmaması və bu səbəbdən həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması, onun AR İXM-nin 157-ci maddəsi ilə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilməli olması qənaətinə gəlir. Məhkəmə hər bir maddə üzrə gəldiyi qənaəti ayrı-ayrılıqda əsaslandırmağı zəruri hesab edir. AR İXM-nin 232-1-ci maddəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində AR İXM-nin 232-1-ci maddəsinin tərkibinin yaranması üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin, yəni xətanın obyekti, obyektiv cəhəti, subyekt və subyektiv cəhətinin olması zəruri şərtdir. AR İXM-nin 232-1-ci maddəsinin dispozitiv şərtlərindən görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün əmlakın məhz qəsdən məhv edilməsi və ya zədələnməsi, yəni şəxsin niyyətinin başqa şəxsə məxsus əmlakın məhv edilməsi və ya zədələnməsindən ibarət olması, qəsdin məhz buna yönəlməsi zəruri şərtdir. Hazırki iş üzrə zərərçəkmiş şəxsin əynində olan köynəyin Şəxs tərəfindən onlar arasında baş vermiş mübahisə əsnasında Şəxs döyməsi nəticəsində cırılması onun əməlində AR İXM-nin 232-1-ci maddəsinin dispozitiv şərti olan “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” əlamətinin, bununla da inzibati xətanın tərkib elementlərindən olan obyektiv cəhətin olmasını istisna edir ki, belə olan halda Şəxs əməlində AR İXM-nin 232-1-ci maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. AR İXM-nin 157-ci maddəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən yetkinlik yaşına çatmayan X2 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin iş materiallarında olan yazılı izahatları, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi” X9 canlı şəxsin ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 2972 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin daim onun qıcıqlandırmasını, özünün əsəblərinin yerində olmadığını və bu zaman zərərçəkmiş şəxsin yaxasından tutaraq itələməsini bildirmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün mütləq qaydada zərərçəkmiş şəxsin döyülməsi və ya vurulması şərt olmamaqla ona sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsi həmin maddənin tərkibinin yaranması üçün kifayətdir. Belə olan halda məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin irəli sürdüyü dəlilləri özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Portaldan çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməklə müharibə veteranıdır. Məhkəmə Şəxs müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi (AR İXM-32.2) nəzərə alır. Şəxs tərəfindən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi isə onun məsuliyyətini ağırlaşdıran hal kimi (AR İXM-33.1.4) qiymətləndirilir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. AR İXM-nin 232-1-ci maddəsinə münasibətdə isə Şəxs əməlində həmin maddənin tərkibi olmadığından AR İXM-nin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində AR İXM-nin 232-1-ci maddəsinin tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-517/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-517/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver