Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5213/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən, tərəflərin rəsmi nikahından anadan olmuş 09 sentyabr 2011-ci il təvəllüdlü X3 və 28 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 may 2013-cü il tarixdən cavabdeh Şəxs qazancından hər ay 93 AZN məbləğində, cəmi 186 AZN məbləğində aliment tutularaq, iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsində göstərilən tələbi icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və beləliklə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Şəxs bu günə olan faktiki borcu 10,384 manat təşkil etmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolda göstərilənlərə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru işin əvvəllər başqa icra məmurunun icraatında olduğunu, həmin dövrdə borclu tərəfindən 2013 və 2014-cü illərdə ayrı-ayrılıqda 400, 400, 350, 390 və 1700 manat olmaqla ödənişlər edildiyini və bu barədə qəbzlərin də iş materiallarına əlavə edildiyini, hal-hazırda isə hər ay borcdan 200 manat məbləğində ödənişlər etdiyini, bu gün isə ayda 300-350 manat ödəyəcəyinə dair iltizam imzaladığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Maddi imkansızlığı ilə əlaqədar olaraq borcu tam məbləğdə ödəyə bilmir. Maddi imkanının yol verdiyi qədər ödənişlər etmişdir. Lakin zərərçəkmiş şəxs X6 hər ay 400 manat məbləğində ödəniş edəcəyinə dair söz verib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd olunanların nəzərə alınaraq, barəsində başlanılmış inziibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında Şəxs hər ay ona 400 manat məbləğində ödəniş etməsinə razılıq verdiyini bildirirək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs Şəxs bir gün öncə də ona 200 manat məbləğində aliment ödədiyini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən, tərəflərin rəsmi nikahından anadan olmuş 09 sentyabr 2011-ci il təvəllüdlü X3 və 28 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 may 2013-cü il tarixdən cavabdeh Şəxs qazancından hər ay 93 AZN məbləğində, cəmi 186 AZN məbləğində aliment tutularaq, iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə bir yerdə Şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, borclu Şəxs tərəfindən xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixlərdə 400 manat, xx.xx.2014-cü il tarixdə 350 manat, xx.xx.2014-cü il tarixdə 390 manat, xx.xx.2014-cü il tarixdə isə 1700 manat məbləğində aliment borcundan ödənişlər edilmiş və həmin məbləğlər tələbkar X7 tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-802/2017 saylı, 07 iyul 2017-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin icrası borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, həm iş materiallarından, həm də iş üzrə izahat vermiş icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarından görünür ki, Şəxs tərəfindən müəyyən zaman aralıqları ilə zərərçəkmiş şəxs X6 müəyyən məbləğlərdə, son aylarda isə mütəmadi olaraq 200 manat məbləğində aliment zərərçəkmiş şəxsə ödənilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə iclasında zərərçəkmiş şəxs özü də yazılı ərizə təqdim edərək Şəxs bundan sonrakı aylarda ona hər ay 400 manat məbləğində ödənilməsinə etiraz etmədiyini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5213/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5213/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver