Məhkəmə qərarları › İş №3(008)-5215/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5215/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5215/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 13 avqust 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 12 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, o cümlədən Şəxs ona məxsus olan əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsinin 212 kv.m sahəsindən çıxarılması, həmçinin Şəxs 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 14400 manat məbləğində icra haqqı məbləğinin tutularaq Zərərçəkmiş şəxs Seyyub oğluna ödənilməsi qət edilmiş, lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə icraat 12 iyun 2024-cü il tarixdə başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş, icraata başlamaq haqqında qərarla birlikdə barəsində inibati qaydada icraat aparılan şəxsin ünvanına göndərilmişdir. Daha sonra məcburi icra tədbirləri həyata keçirilmiş və şəxs barədə axtarış elan edilmişdir. Bundan sonra Şəxs 08 avqust 2024-cü il tarixdə İcra şöbəsinin depozit hesabına 14400 manat borcdan 2000 manat ödəniş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru tələbin könüllü icrası barədə bildirişin Şəxs rəsmi qaydada bu gün icra şöbəsində verildiyini, Şəxs iş yerinin olmadığını, deməsinə görə sürücü işlədiyini, adına hər hansı əmlak aşkar olunmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icraata başlamaq haqqında qərardan 06 avqust 2024-cü il tarixdə xəbər tutmuşdur. O, bildirişin göndərdiyi ünvanda yaşamadığından valideynləri ona bu barədə 06 avqust 2024-cü il tarixdə məlumat vermişlər. O, borc taparaq 08 avqust tarixində borcundan 2000 manat məbləğində ödəniş etmişdir. Özü hal-hazırda sürücü kimi işləyir aybaay borc məbləğindən ödənişlər edəcəyinə söz verir. Himayəsində biri azyaşlı olmaqla 3 övladı olduğunu qeyd edərək göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-276/2024 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında bağlanmış 21 dekabr 2020-ci il atrixli icarə müqaviləsinin ləğv edilməsi, o cümlədən Şəxs ona məxsus olan əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsinin 212 kv.m sahəsindən çıxarılması, həmçinin Şəxs 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 14400 manat məbləğində icra haqqı məbləğinin tutularaq Zərərçəkmiş şəxs Seyyub oğluna ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 12 iyun 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-276/2024-002 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və qərar Şəxs tərəfindən 12 avqust 2024-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. 17 iyul 2024-cü il tarixli Aktdan görünür ki, icra məmuru tərəfindən ünvan 1 ünvanına baxış keçirilmiş və Şəxs orada olmadığı müəyyən edilmişdir. Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən icraə haqqı üzrə yaranmış borcu ödəməkdən yayınmadığı, qeyri-yaşayış sahəsinin icarəyə götürdüyü hissəsinin onun tərəfindən könüllü boşaldıldığı, qeyri-yaşayış sahəsindən ona məxsus hər hansı əmlakın olmadığı, ümumiyyətlə hazırda həmin qeyri-yaşayış sahəsi ilə heç bir əlaqəsinin olmadığı qeyd olunmuş və icra vərəqəsi və bildiriş təqdim olunduqdan sonra ödəniş borcunu ödəyəcəyi göstərilmişdir. Sahibkarlıq fəaliyyətinin dayandırılması barədə 13 iyun 2024-cü il tarixli məktubdan görünür ki, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında Arayış”a xx.xx.2024-cü il tarixdən vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 2000 AZN məbləğində ödəniş edilmişdir. Şəxs tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli izahatından görünür ki, o, izahatında icra sənədindən xəbərdar olmadığını, valideynləri tərəfindən bu barədə məlumatlandıqdan sonra sözügedən ünvandan ona məxsus olan əşyaları götürərək oranı tərk etdiyini, kassa aparatını təhvil verdiyini, Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 2000 AZN məbləğində ödəniş etdiyini, borc məbləğinin hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından və məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarından görünür ki, barəsində icraat aparılan şəxs iş üzrə icraata başlamaq haqqında qərardan xəbərsiz olmuş, həmin qərarın qəbul edilməsindən təxminən 02 ay sonra qərar barədə məlumat almış və bundan 02 gün sonra borc məbləğindən 2000 manat məbləğində ödəniş həyata keçirmişdir. Məhkəmə iclasında icra məmuru özü də təsdiq etmişdir ki, Şəxs rəsmi iş yeri olmamaqla adına hər hansı daşınmaz əmlak və ya avtomobil aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs özü də işləmədiyini, ailəli olmamaqla himayəsində üç övladının olduğunu, maddi imkanının borc məbləğini tam ödəməyə imkan vermədiyini bildirmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməsə də, məhkəmə qətnaməsinin icraya yönəlməsindən məlumat aldıqdan iki gün sonra məhkəmə qətnaməsinin icrası istiqamətində maddi imkanının yol verdiyi dərəcədə addım atmış (2000 manat ödəniş etmişdir) və borcun qalan hissəsini də hissə-hissə ödəyəcəyini bildirmişdir ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tələbin könüllü icrası barədə bildirişi rəsmi qaydada hələ bü gün, yəni 12 avqust 2024-cü il tarixdə icra şöbəsində əldə etmiş, məlumatı isə 06 avqust 2024-cü il tarixdə almış və həmin tarixlərdən hələ tələbin könüllü icrası üçün qanunla müəyyən edilmiş 10 günlük müddət keçməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs icra sənədinin icraya yönəlməsindən məlumat almasından 02 gün müddətində müəyyən məbləğdə qətnamə üzrə müəyyən edilmiş məbləğdən ödəniş etməsi və onun bildirişi bü gün alması nəzərə alınmaqla hələ tələbin könüllü icrası üçün müəyyən edilmiş 10 günlük müddətinin bitməməsi öz təsdiqini tapdığından və yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi andan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar