Məhkəmə qərarları › İş №3(008)-5229/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5229/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5229/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 26 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4322/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Hazırda Şəxs 2100 manat məbləğində aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Rüstəmov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4322/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməsi nəzərdə tutlulmuşdur. Mart ayınadək alimenti hər ay vaxtlı-vaxtında ödəmişdir. Lakin sonradan avtoqəza keçirdiyi üçün mart ayının 10-dan etibarən işdən çıxmalı olmuşdur. Daha sonra isə səhhəti ilə əlaqədar olaraq işləyə bilməmiş, maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Bundan sonra az-az aliment borcunu ödəyəcəkdir, əməlindən səmimi peşmandır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, fərdi əməklə məşğuldur, moykada işləyir, gəliri az olduğundan aliment ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək göstərmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4322/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi nəzərdə tutlulmuşdur. Mart ayından etibarən aliment borcunu ödəmir. Hazırda Şəxs 2100 manat məbləğində aliment borcu vardır. Yaranmış aliment borcunun ona tam şəkildə ödənilməsini tələb edir, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli e-2(008)- 4322/2021 saylı icra vərəqəsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 anası Rüstəmova (Bəşirova) Şöhrət Rövşən qızının himayəsində saxlanılması, Şəxs Rüstəmova (Bəşirova) Şöhrət Rövşən qızının xeyrinə, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 may 2021-ci tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs İcraata başlamaq haqqında qərarı xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən cra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 26 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs 24 iyun 2021-ci il tarixli e-2(008)-4322/2021 saylı icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Belə ki, Şəxs mart ayınadək alimenti hər ay vaxtlı-vaxtında ödədiyini, lakin sonradan avtoqəza keçirdiyi üçün mart ayının 10-dan etibarən işdən çıxmalı olduğunu, daha sonra isə səhhəti ilə əlaqədar olaraq işləyə bilmədiyindən və maddi imkanı olmadığından ödənişlər edə bilməməsi səbəbindən alimenti ödəmədiyini göstərsə də, hazırki icra sənədi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını, şəxsin məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməyə borclu olmasını, buna baxmayaraq Şəxs icra sənədini icra etməməsi qərəzli olaraq yayınma kimi qiymətləndirilməlidir. Belə ki, Şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, fərdi əməklə məşğuldur, moykada işləyir, gəliri az olduğundan aliment ödəyə bilmir. Göründüyü kimi, Şəxs fərdi əməklə məşğul olaraq müəyyən miqdarda gəlir əldə etməsinə baxmayaraq 5 ay ərzində aliment borcundan heç bir hissə ödəməyərək icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə borcun məbləğini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 26 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar