Məhkəmə qərarları › İş №3(008)-5230/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5230/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5230/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxslər X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(009)- 2441/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, məhkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun maddi imkanı borcu tam ödəməyə imkan vermir. Onun aliment tutulmasından məlumatı olmamışdır. Məlumatı olandan sonra isə heç bir ödəniş etməmişdir. Daha sonra zərərçəkmiş şəxsə hər ay 500 manat ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Lakin sonra işdən çıxdığı üçün ödənişi davam etdirə bilməmişdir. Bu günə olan aliment borcu 7560 manat təşkil edir. Onun ailəsi, uşağı vardır. Hər ay 300-350 manat ödəniş edə bilər. Amma bunu da dəqiq söz verə bilmir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 bildirmişdir ki, o borcluya çox güzəşt etmişdir. Özü heç yerdə işləmir, uşağın tələbatları günü gündən artır. Onu qarşılamaq tək qadın olaraq ona çox çətindir. Uşağına baxmaq üçün ətrafda olan qohum-tanışlarından borc alır. Borcluya dəfələrlə ödəniş etməsini, maddi vəziyyətinin yaxşı olmadığını bildirməsinə baxmayaraq borclu əhəmiyyət verməmişdir. O, tələbkar biri olmamışdır. Hətta borcluya hissə-hissə ödəniş edilməsi üçün şərait yaradılmışdır. xx.xx.2024-cü il tarixdə borclu ilə aralarında borcun hissə-hissə hər ay 500 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Lakin borclu bir müddət ödəniş etsə də sonradan ona da riayət etməmişdir. Borclu guya imkanın olmadığını bildirir, lakin qapı-pəncərə ustası olaraq yaxşı qazanır. Hazırkı nikahdan olan uşağına çox yaxşı baxır. Lakin digər uşağına nə maddi, nə mənəvi olaraq dəstək olmur. Bir dəfə də olsun uşağı ilə ünsiyyətdə olmamış, maraqlanmamışdır Borclunun bu günə olan aliment borcu 7560 manat təşkil edir. Məhkəmədən aliment borcunun tam ödənilməsini, əks halda Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2441/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2441/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclunun axtarışı barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən-icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədləri üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X6 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar