Məhkəmə qərarları › İş №3(008)-5248/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5248/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5248/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, şüşə və şüşə məmulatları hazırlayan usta kimi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 13 avqust 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(008)-1170/2018 saylı icra vərəqəsi ilə Şəxs dəymiş zərərə görə 2400 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, bugün Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 1000 manat məbləğində ödəniş həyata keçirilmiş, həmçinin elektron sistemdə Şəxs rəsmi iş yerinin olması müəyyən edilmiş və borc məbləğinin tutulması onun əmək haqqına yönəldilmişdir. Bundan əlavə 2024-cü ilin may ayında o, 400 mnat məbləğində də ödəniş etmişdir. Hal-hazırda Şəxs borcu 2680 manat təşkil edir. Sadıcı zərərçəkmiş şəxs narazı olduğundan inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 01 ay olar ki, yeni işə başlamışdır. İşğaldan azad edilmiş ərazilərdə şüşə və şüşə məmulatları hazırlayan usta kimi işləyir. Zərərçəkmiş şəxs bank hesabı rekvizitlərini ona təqdim etmədiyindən, o cümlədən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına ödəniş edilməsi üçün onun şəxsən iştirakının tələb olunduğu üçün hər dəfə gəlib ödənişi ödəyə bilməmiş, bu səbəbdən bu gün 1000 manat məbləğində ödəniş etmişdir. O, ailəlidir, himayəsində bir azyaşlı övladı var. Az məbləğdə əmək haqqı alır. Bu səbəbdən də borcu tam ödəyə bilmir. Lakin maddi imkanı yol verdiyi məbləğödə ödəniş etməkdən yayınmır. Və yaxın zamanda qalan məbləği də hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 13 avqust 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(008)- 1170/2018 saylı icra vərəqəsinə əsasən Şəxs dəymiş zərərə görə 2400 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş Şəxs ünvanına göndərilmişdir. Şəxs 23 fevral 2024-cü il tarixli izahatından görünür ki, o, hazırda məhkəmə iclasında verdiyi izahatın məzmununa uyğun izahat vermişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 3(008)-85/2020 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. 23 fevral 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədi üzrə öhdəliyi yerinə yetirməyəcəyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(008)- 1543/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Şəxs tərəfindən 13 avqust 2024-cü il tarixdə verilmiş izahatdan görünür ki, o, izahatında onun borcu hissə-hissə ödəyəcəyini, Zərərçəkmiş şəxs kart hesabı məlumatlarını verəcəyi təqdirdə daha tez zamanda ödəniş edə biləcəyini göstərmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 400 manat məbləğində ödəniş həyata keçirilmişdir. Asan ödəniş sistemindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şəxs borc məbləğindən 1000 manat məbləğində ödəniş həyata keçirmişdir. Sabunçu Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanlanan 13 avqust 2024-cü il tarixli məktubdan görünür ki, məktubda icra sənədi üzrə borclu Şəxs əmək haqqından hər ay 50% tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından və məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarından görünür ki, barəsində icraat aparılan şəxs məhkəmə tərəfindən sonuncu dəfə onun barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi vaxtdan işsiz olmuş, buna baxmayaraq may ayında icra sənədi üzrə olan borcundan 400 manat, avqust ayında isə 1000 manat məbləğində ödəniş etmişdir. Son günlərdə isə o, yeni işə başlamış və icra məmuru tərəfindən borc məbləğinin hissə-hissə ödənilməsi onun əmək haqqına yönəldilməklə təmin edilmişdir (bu halı məhkəmə iclasında icra məmuru özü təsdiq etmişdir). Məhkəmə iclasında icra məmuru, həmçinin, təsdiq etmişdir ki, Şəxs adına hər hansı daşınmaz əmlak və ya avtomobil aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs özü də son müddətədək işləmədiyini, yeni işə başladığını, ailəli olmamaqla himayəsində azyaşlı övladının olduğunu, maddi imkanının borc məbləğini tam ödəməyə imkan vermədiyini və maddi imkanının yol verdiyi məbləğdə borcdan ödəniş etdiyini bildirmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməsə də, məhkəmə qətnaməsinin icrası istiqamətində maddi imkanının yol verdiyi dərəcədə addım atmış (1400 manat məbləğində ödəniş etmişdir), borcun qalan hissəsinin ödənilməsi üçün isə onun əmək haqqına yönəldilmə həyata keçirilmişdir ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qətnamə üzrə müəyyən edilmiş məbləğdən maddi imkanın yol verdiyi məbləğdə ödəniş etməsi, borcu ödəməkdən yayınmaması və tam ödəməməsinin üzürsüz səbəblərlə bağlı olmasının müəyyən edilməməsi nəzərə alınmaqla yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi andan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar