Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5274/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1967-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 21 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(010)-2356/2022 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə cavabdeh Şəxs 3306 manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Sadəcə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil. O, məhkəmənin qətnaməsindən apellyasiya qaydasında şikayət verəcək. Qeyd olunanların nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs bildirmişdir ki, bu günədək məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməməsinin səbəbi həyat yoldaşının xəstə olması və bununla bağlı qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsi olmuşdur. Lakin yaxın zamanda prosessual müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı vəsatət verərək apellyasiya qaydasında apellyasiya instansiya məhkəməsinə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(010)-2356/2022 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə cavabdeh Şəxs 3306 manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2356/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə bir yerdə Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə verdiyi izahtından görünür ki, iddiaçı X3 qarşı borcunun olduğunu qəbul etmədiyini, buna görə pulu ödəmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallardan görünür ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar 15 avqust 2022-ci il tarixdə qəbul edilməklə tələbin könüllü icrası haqqında bildiriş 29 avqust 2022-ci il tarixdə borclu tərəfindən qəbul edilmişdir. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi ötən ayın, yəni avqustun 9-u qüvvəyə minməklə həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə isə 15 avqust 2022-ci il tarixdə icraata başlanmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 02 ay müddət, tələbin könüllü icrası barədə bildirişin isə borcluya təqdim edilməsindən isə 01 ay müddət keçmədən icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (borcluya qanunla müəyyən edilmiş qaydada icra sənədini icra etmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmədən, qətnamənin icrasının yönəldilə bilən əmlakının olub-olmaması müəyyən edilmədən), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməsi iş materialları ilə öz təsdiqini tapmamaqla məhkəmə iclasında da müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu iş materialları ilə müəyyən edilmədiyindən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə qədər icra məmuru tərəfindən icra sənədinin icrası üçün qanunla nəzərdə tutulmuş lazımi tədbirlər görülmədiyindən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5274/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5274/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver