Məhkəmə qərarları › İş №3(008)-5288/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5288/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5288/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, Şikayət vermiş şəxs Zeynal-zadə Ramil Abasqulu oğlunun iştirakları ilə, Zeynal-zadə Ramil Abasqulu oğlunun Azərbaycan Respublikası DİN Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli, EQ 13852283 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zeynal-zadə Ramil Abasqulu oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli, EQ 13852283 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs Zeynal-zadə Ramil Abasqulu oğlu izahatında bildirmişdir ki, o, avtomobili vaxtında texniki baxışdan keçirmədiyini etiraf edir. Lakin bu barədə ona polis orqanı tərəfindən hər hansı məlumat verilməmiş, qərarın surəti onun ünvanına göndərilməmişdir. O, bu qərardan məkumatlı olsa, cəriməni vaxtında ödəyərdi. Hesab edir ki, bu hal inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Odur ki, məhkəmədən Azərbaycan Respublikası DİN Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli, EQ 13852283 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, Zeynal-zadə Ramil Abasqulu oğlu barəsində AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli, EQ 13852283 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 07 aprel 2023-cü il tarixli, EQ 13852283 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Zeynal-zadə Ramil Abasqulu oğlu “Moskviç 412 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə onun İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş xüsusi texniki vasitə ilı qeydə alınmış fotoşəkildən görünür ki, “Moskviç 412 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 aprel 2023-cü il tarixdə, saat 07:10:08-də Savalan döngəsi, Maştağa ist2-də texniki baxışdan keçirilmədən idarə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 6-cı hissəsinin 2-ci bəndinə əsasən bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə texniki baxış keçirilir. Həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə isə hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları aiddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs törətdiyi inzibati xətanı etiraf edərək avtomobili vaxtında texniki baxışdan keçirdiyini unutduğunu bildirmiş, lakin inzibati tənbeh vermə haqqında qərarın onun ünvanına göndərilməməsinə və həmin qərardan məlumatsız olmasına istinad edərək sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin həmin dəlilinə münasibətdə qeyd edir ki, inzibati xətanın törədilməsinin mötəbər sübutlarla təsdiq olunduğunu, o cümlədən, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən etiraf edildiyi halda həmin şəxsin müvafiq qərardan məlumatsız olması qanuni və əsaslı qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan məlumatsız olması inzibati xətanın baş verməsini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınsa ki, avtomobil idarə edən şəxsin həmin avtomobili qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmək onun vəzifəsidir və qanunu bilməmək və ya vəzifələrə səhlənkar yanaşmaq şəxsin məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz, belə olan halda avtomobili texniki baxışdan keçirmək vəzifəsi daşıyan şəxsin öz vəzifəsini icra etməməsi və bununla da qanunvericiliyin tələblərini pozması nəticəsində inzibati tənbeh tədbirinə məruz qalması qanuni və əsaslı hesab edilməlidir. Bununla yanaşı, şikayətçi qeyd etdiyi əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları AR İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş və həmin əsaslar içərisində müvafiq inzibati xətanı törətmiş və barəsində qərar qəbul edilmiş şəxsin həmin qərardan məlumatsız olması əsası nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Zeynal-zadə Ramil Abasqulu oğlunun İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli, EQ 13852283 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Zeynal-zadə Ramil Abasqulu oğlunun İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli, EQ 13852283 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar