Məhkəmə qərarları › İş №3(008)-5319/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5319/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5319/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 31 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs 03 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin etibarnamə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xətanın vətəndaşın şikayəti əsasında müəyyən edildiyini, Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" yazışmalarından onun "xxxx" MMC ilə aralarında əmək müqaviləsi olmadığı halda əmək münasibətlərində olmasının aşkar göründüyünü, hazırda Zərərçəkmiş şəxs "xxxx" MMC-dən şikayətçi olmadığını bildirməsinə baxmayaraq bu halın inzibati xətanın baş verməsini aradan qaldırmadığını, şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin həmin şəxsin hüquqlarını əhəmiyyətli pozduğunu və bunun qanunla birmənalı şəkildə qadağan olunduğunu qeyd edərək "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil inzibati xəta haqqında protokola etiraz edərək iş materiallarında MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutun olmadığını, iş materiallarına sübut kimi əlavə edilmiş "xxxx" yazışmalarının MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli olmadığını, səlahiyyətli orqan tərəfindən hərtərəfli araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edərək hazırki iş üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilsə də, telefon vasitəsi ilə əlaqə saxlanılan zaman o, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, "xxxx" MMC-nin rəhbəri Nümayəndə tərəfindən Bakı şəhəri, Nizami rayonu ərazisində olan ofisdə işə cəlb edildiyini, lakin hazırda MMC-dən şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vətəndaş Zərərçəkmiş şəxs 03 avqust 2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi Bakı şəhər idarəsinə müraciət edərək 03 iyul 2023-cü il tarixdə "xxxx" MMC-də işə başladığını, bunun üçün ona VÖEN açdırdıqlarını, həmin MMC-də 3 həftə işlədiyini, MMC-də Azərbaycan Dəmiryollarının mobil tətbiqini hazırladığını, 25 iyul 2023-cü il tarixdə işdən çıxdığını, maaşını istədikdə maaşının verilməyəciyinin deyildiyini, MMC ilə aylıq 2000 manat ödəniş üçün razılaşdıqlarını qeyd edərək əmək haqqı ödənilmədiyindən bu məsələ ilə tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 08 avqust 2023-cü il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında 03 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək "xxxx" MMC-də mobil proqramların mütəxəssisi olaraq çalışdığını, onu işə götürən şəxsin Nümayəndə olduğunu, Elçinin mobil nömrəsinin ***-***-**-** olduğunu bildirmiş, verilmiş suallara cavab olaraq isə Nümayəndələ "xxxx" yazışmalarının və həmin müəssisə işçiləri ilə birlikdə "xxxx" qruplarının olduğunu, şəxsi komputerində işlədiyi proyektlərin ekran görüntülərinin olduğunu, MMC-də 21 gün çalışdığını, lakin əmək haqqının ödənilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs 18 avqust 2023-cü il tarixli izahatından görünür ki, o, təqdim etdiyi "xxxx" yazışmalarında olan ***-***-**-** mobil nömrənin "xxxx" MMC-nin rəhbəri Nümayəndə məxsus olduğunu, ***-***-**-** mobil nömrənin Nümayəndə köməkçisi vəzifəsini icra edən Tərlan Məmmədliyə məxsus olduğunu, Sahib Nuxalı kimi qeyd edilmiş şəxsin şirkətin müqaviləli işçisi olduğunu, Ceyhun Muradov, Kənan Çələbi və Həzrət Qafulovun müəssisəsinin işçiləri olduğunu bildirmişdir. ***-***-**-** nömrə ilə aparılan "xxxx" yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs həmin nömrənin sahibinə “Elçin bəy” kimi müraciət edərək işçilərinin hansı bankdan kart açdıqlarını soruşmuş, həmin şəxs isə “Kapitaldan” deyərək cavab vermiş, 13 iyul 2023-cü il tarixdə Elçin adlı şəxs Zərərçəkmiş şəxs “Namiq, axşamın xeyir. Üzürlü say indi yazıram. O gün mənim komputerimdə gitdən götürüb run elədik, onun üçün ios foldeini sildik, sonra react-native eject ios yazdıq düzdürmü?” kimi sual ünvanlamış, Namiq isə “Axşamınız xeyir Elçin bəy. Bəli” deyə cavab yazmış, 20 iyul 2023-cü il tarixdə Elçin adlı şəxs Zərərçəkmiş şəxs “Həll olan tasklar done ele, z.o” yazdıqda Namiq “yaxşı edərəm indi” yazmış, 03 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Elçin adlı şəxsə “Salam Elçin, ümid edirəm işlərin qaydasındadır. Səni narahat etməyimin səbəbi maaş ödəmələrinin nə vaxt ediləcəyi ilə əlaqəlidir. Təşəkkürlər” yazmış, Elçin isə ona “Salam, Namiq. Sağ olasan, yaxşılıqdır. Bununla əlaqədar Tərlana yaz, z.o” kimi cavab vermiş, Namiq isə cavab olaraq “Lazımi şikayətləri etmişəm məlumatın olsun, sabah da dost xidmətinə yazılı ərizəmi təqdim edəcəm” yazmışdır. Məhkəmə iclasında ***-***-**-** nömrə ilə əlaqə saxlanıldıqda həmin şəxs Nümayəndə olduğunu təsdiq etmiş və verilmiş suala cavab olaraq Nizami rayonu ərazisində də ofislərinin olduğunu, hazırda Zərərçəkmiş şəxs MMC-dən verdiyi şikayətini geri götürdüyünü bildirmişdir. “Nukhalı” adlanan "xxxx" qrupunda olan yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs da həmin "xxxx" qrupunda olmuş, həmin qrupda olan ***-***-**-** nömrənin sahibi (şikayətçinin izahatında həmin şəxsin Nümayəndə köməkçisi vəzifəsini icra edən Tərlan Məmmədli olduğu göstərilmişdir) işçilərin davamiyyətini yoxlamış, Zərərçəkmiş şəxs həmin qrupa yoldan çəkilmiş fotoşəkil göndərərək “Mən qalmışam tıxacda. Bir az gecikə bilərəm” yazmış, bundan sonra ***-***-**-** nömrənin sahibi “Sabahınız xeyir. Ofisdə olan və ofisə gələn hər kəs xəbər etdin z.o.meetingi başladaq onda” yazmış, 04 iyul 2023-cü il tarixdə, saat 09:01-də isə Zərərçəkmiş şəxs həmin qrupa “Sabahinız xeyir. Servisdən maşını götürməliyəm. Onun üçün bir az gecikəcəm” yazmış, ***-***-**-** nömrənin sahibi isə “Sabahınız xeyir. Ok. Qalan hər kəs vaxtında olacaq ofisdə” yazaraq həmin yazıya cavab vermiş, 08 iyul 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs qrup yazışmasında “Test üçün məni də add edə bilərsiz” yazmışdır. Zərərçəkmiş şəxs ***-***-**-** nömrənin sahibi olan Tərlan adlı şəxslə olan şəxsi "xxxx" yazışmalarından görünür ki, həmin nömrənin sahibi 08 iyul 2023-cü il tarixdə “Namiq salam sabahiın xeyir. Sən bu gün nə vaxt gələsi oldun, indi deyə bilərsən?” yazdıqda Zərərçəkmiş şəxs həmin şəxsə “Sabahın xeyir Tərlan. Təxmini 12 üçün gələcəm” yazmış, 03 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs həmin şəxsə “Salam Tərlan. Ümid edirəm işlərin qaydasındadır. Səni narahat etməyimin səbəbi maaş ödəmələrinin nə vaxt ediləcəyi ilə əlaqəlidir. Təşəkkürlər. Elçin dedi sənə yazım maaşla bağlı” yazmış, Tərlan adlı şəxsə ona cavab yazsa da, sonradan həmin cavablar silinmiş, 14:41 və 14:48-də yazılmış cavablardan sonra Zərərçəkmiş şəxs dərhal, yəni 14:48-də həmin şəxsə ”Necə? Zarafat edirsən? Ya dolamısız məni? Haqqınızda şikayətimi bildirmişəm. Sabah səhər də gedib şəxsən müraciət edəcəm. Elçin və sənin haqqında. Kartım budu. Gün ərzində hesabıma göndərin maaşımı. 2000 AZN üzərindən anlaşmışdıq. 3 həftə işlədiyimə görə 1500 AZN ödənilməlidi” kimi cavab vermişdir. “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Nümayəndə "xxxx" MMC-nin baş direktorudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Zərərçəkmiş şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, yuxarıda göstərilən "xxxx" yazışmalarından açıq-aydın Zərərçəkmiş şəxsla "xxxx" MMC-nin baş direktoru arasında əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin mövcud olmasının görünməsi, Zərərçəkmiş şəxs müəssisənin rəsmi işçisi olmadığı halda digər işçilərlə eyni qaydada əmək intizamı ilə bağlı Tərlan adlı şəxsə məlumat verməsi, Zərərçəkmiş şəxs Nümayəndə maaşının nə vaxt veriləcəyini soruşduğu zaman Nümayəndə ona Tərlana yazmasını bildirməsi, Zərərçəkmiş şəxs Tərlana bu barədə yazması, Tərlanın MMC-nin işçilərindən ibarət qrupun üzvü olaraq hər gün işçilərinin əmək intizamına nəzarət etməsi, Zərərçəkmiş şəxs da digər işçilər kimi gecikməsi barədə Tərlana məlumat verməsi Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərdiyi xüsusatların təsdiq edilməsinə və onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dəlalət edən hallardır. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil iş materiallarında olan sübutların MMC-nin təqsirli hesab edilməsi üçün kifayət etmədiyini, "xxxx" yazışmalarında olan ***-***-**-** mobil nömrənin Nümayəndə məxsus olmasının bəlli olmadığını göstərsə də, məhkəmə qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi, o cümlədən, MMC-nin Nizami rayonunda da ofisinin olub-olmaması ilə bağlı qeyd olunan nömrə ilə əlaqə saxlanılan zaman həmin şəxs məhkəmənin iclasında iştirak edə bilməyəcəyini, vəkilin iştirak edəcəyini, Nizami rayonunda da MMC-nin ofisinin olduğunu bildirərək Nümayəndə olduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar