Məhkəmə qərarları › İş №3(008)-5350/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5350/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5350/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Bəhruz Sadıqzadənin, barəsində inzibati protokollar tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, dalan 1, ev 2-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət. Şəxs 28.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müayinə zamanı sidiyindən narkotik vasitə OPİ (+) AMP (+) MET (+) aşkar olunmuşdur. Eyni zamanda 18.12.2021-ci il tarixdə vətəndaş X2 məxsus bağ evindən 1 ədəd samovar, 2 ədəd su matorunu və 1 ədəd manqal oğurlamışdır. Bu barədə Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə inspektoru Bəhruz Sadıqzadə tərəfindən MN № ******* və MN № ******* saylı, 28 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bəhruz Sadıqzadə izahatında göstərmişdir ki, Vət. Şəxs 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müayinə zamanı sidiyindən narkotik vasitə aşkar olunmuşdur. Eyni zamanda 18 dekabr 2021-ci il tarixdə vətəndaş X2 məxsus bağ evindən 1 ədəd samovar, 2 ədəd su matorunu və 1 ədəd manqal oğurlamışdır. X1 bölməyə şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayət əsasında Şəxs barəsində tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokollar tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, narkotik vasitədən istifadə etdiyini etiraf edir. O qeyd olunan oğurluq hadisəsini ehtiyacı olduğundan törətmişdir. Törətdiyi əməllərdən səmimi peşmandır. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəh., Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəh., Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 4670 saylı, 28 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs sidiyində OPİ (+) AMP (+) MET (+) narkotik vasitə aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokollar tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 227-ci və 206-cı maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs İİ-ci qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ictimai işlər cəzası tətbiq oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə iş materialları ilə və Şəxs özünün izahatı ilə Azərbycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdırılan hallar müəyyən etmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cəərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 206-ci maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar