Məhkəmə qərarları › İş №3(008)-5375/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5375/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5375/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, şikayətçi X1 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2024-cü ildə şəxsi mobil telefonunda “MyGov” mobil tətbiqindən istifadə edərkən adına xx.xx.2022-ci ildə MN ******* nömrəli protokolla İXM 454-cü maddəsiylə 80 manat (səksən manat) məbləğində cərimə olduğunu görmüşdür. Qeyd edir ki, həmin tarixdə o, heç bir polis əməkdaşı tərəfindən saxlanılmamış və şəxsi iştirakı ilə barəsində protokol tərtib olunmamışdır. “MyGov” mobil tətbiqində bu protokolun mövcudluğunu təsadüfən öyrənmişdir. Həmçinin cərimə və protokol barədə ona hər hansı bir bildiriş gəlməmişdir. Xəbəri və şəxsi iştirakı olmadan barəsində tətbiq olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və adına olan cərimənin sistemdən silinməsi və ya həmin protokolun surətinin ona verilməsi üçün dəfələrlə 102 polis xidmətinə şikayət etmişdi. Şikayətinə cavab olaraq məsələnin araşdırılacağını söyləsələr də bu günədək şikayətinə baxılmamışdır. Şikayətə baxmadıqlarını gördüyü üçün Azərbaycan Respublikası DİN-nin rəsmi vebsaytı vaistəsiylə yenidən şikayət etmişdir. Nəhayət xx.xx.2025-ci il tarixində bu məsələylə bağlı Sabunçu rayon 13-cü polis bölməsinə çağrılmışdır. Bölmədə olarkən baş verənləri polis əməkdaşına izah etmiş və yazılı şəkildə izahat da yazmışdır. Daha sonra polis əməkdaşından xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətini tələb etsə də polis əməkdaşı müxtəlif bəhanələr gətirərək protokolu verməkdən imtina etmiş və onun belə bir səlahiyyəti olmadığını söyləmişdir. Qeyd edir ki, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokolun surəti onda olmadığı üçün inzibati xətanın törədildiyi yeri də bilməmiş və buna görədə hansı məhkəməyə müraciət etməli olduğumu bilməmişdir. Sonda İXM-nin 110.1 -ci maddəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər dispozitiv normasına uyğun olaraq yaşayış yerim üzrə Sabunçu Rayon Məhkəməsinə şikayət etmək qərarına gəlmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin inzibati xətanın harada hansı formada törədilməsi ilə bağlı şəkil və video sistemə yerləşdirlməmiş, həmçinin hadisə barədə heç bir subut təqdim edilməmişdir. Ona tətbiq edilən inzibari xəta haqqında qərar ilə razı deyildir. Hesab edir ki, tərtib olunmuş qərar maddi və prosesual hüquq normalarını kobud pozulması ilə tərtib edilmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, mübahisələndirilən protokol onun iştirakı olmadan tərtib edilmişdir. Qeyd etmək istərdi ki, 2022-ci il tarixində o, 113 nömrəli məktəbin şagirdi olmuş və həmin dövrlərdə universitetə hazırlaşmışdır. Həmin dövrdə onun qanunsuz küçə ticarətiylə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilməyi reallığa qətiyyən uyğun deyildir. Həmçinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol onda olmadığından hadisənin baş vermə yerini də bilmir. Belə ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətinin ona verilməməsindən nəzər aydın olur ki, İXM-nin yuxarıda qeyd olunan müddəalarının tələbləri həmin protokolu tərtib etmiş inzibati orqan tərəfindən pozulmuşdur. Barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolun ləğv edilməsi və adına olan 80 (səksən) manat cərimənin sistemdən silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şikayətçi X2 bildirmişdir ki, onun barəsində qəbul edilmiş qərardan məlumatı olmamışdır. Bu barədə 2024-cü ildə “MyGov” mobil tətbiqindən istifadə edərkən bilmişdir. Bundan sonra həmin qərarı əldə etmək üçün dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etsə də əldə edə bilməmişdir. Bildirmək istəyir ki, barəsində inzibati tənbeh tətbiq edilən vaxt o, heç bir küçə ticarəti ilə məşğul olmamışdır. Həmin ərəfədə o, universitet imtahanlarına hazırlaşmışdır. Ümumiyyətlə heç zaman elə bir fəaliyyətlə məşğul olmamışdır. Məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə saat 06:12-də qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə məsuliyyətə cəlb olunaraq barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X1 barəsində Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda X1 xx.xx.2022-ci il tarixdə qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə yol verildiyi qeyd edilsə də, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məhz hansı yerlərdə malların satılmasına və ya işlərin görülməsinə yol verildiyi qeyd edilməmişdir. Şəxsin küçə ticarəti olaraq hansı fəaliyyəti həyata keçirdiyi, hansı malların satışı, işlərin (xidmətlərin) görülməsi ilə məşğul olduğu qeyd edilməmişdir. Eyni zamanda şəxsin ona istinad olunan inzibati xətanı törətməsini təsdiq edən sübutlar inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübut etmək vəzifəsi qərar qəbul edən orqanın üzərinə düşür. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan inzibati xəta hadisəsinin mövcudluğunu, şəxsin həmin xətanı törətməkdə təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, habelə inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokol yuxarıda qeyd edilən pozuntularla tərtib edildiyindən inzibati xəta hadisəsinin mövcudluğu məhkəmədə şübhə yaradır. Qanunla müəyyən olunmuş hüquqi prosedura daxilində aradan qaldırıla bilməyən bütün şübhə və anlaşılmazlıqlar isə şəxsin xeyrinə həll olunmalıdır. Qanunvericiliyin tələbinə əsasən inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi yalnız iş üzrə əldə edilmiş mötəbər sübutlarla mümkündür. Yəni bu halları təsdiq edən mötəbər sübut olmadan yalnız şəxsi mülahizələrə, ehtimallara dayanaraq şəxsi məsuliyyətə cəlb etmək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 inzibati xəta törətməsi faktı müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar